İran ümid edir ki, yaxın vaxtlarda Rusiya qazının Azərbaycan vasitəsi ilə nəqlinə başlanılacaq. Bununla bağlı, İranın Moskvadakı səfiri Kazım Cəlali məlumat verib.
Vətəninfo.az xəbər verir ki, səfirin sözlərinə görə, “Qazprom” ilə aparılan danışıqlarda demək olar ki, bütün texniki və logistik məsələlər həll olunub.
“Ümid edirik ki, bu, tezliklə baş verəcək. Hazırda “Qazprom”la danışıqlar aparırıq və demək olar ki, bütün problemlər həll olunub. Ancaq qiymətlə bağlı razılığa gəlmək lazımdır. Bu məsələ həll olunarsa, hər şey öz qaydasında olacaq,” – deyə səfir Kazım Cəlali bildirib.
Səfir əlavə edib ki, bu layihə İran üçün strateji əhəmiyyət daşıyır, çünki xüsusilə ölkənin şimal bölgələrində, soyuq mövsümlərdə qaz təchizatında alternativ mənbələrin rolu vacibdir.