İran Xarici İşlər Nazirliyi “Starlink” peyk internet xidmətinin ölkə ərazisində “icazəsiz fəaliyyəti” ilə bağlı Norveçə etiraz edib.
Vətəninfo.az xəbər verir ki, İran XİN-in Beynəlxalq Sülh və Təhlükəsizlik üzrə baş direktoru Məhəmməd Həsənnejad Pirkuhi Norveçin Tehrandakı səfirini nazirliyə çağıraraq ona rəsmi etiraz notasını təqdim edib.
İran rəsmisi Norveçi Beynəlxalq Telekommunikasiya İttifaqında (ITU) “Starlink” şəbəkəsinin qeydiyyatçı ölkəsi kimi üzərinə düşən öhdəlikləri yerinə yetirməməkdə ittiham edib.
İran Xarici İşlər Nazirliyi Norveç hökumətindən İranın “suverenliyini və milli təhlükəsizliyini pozan” hesab etdiyi fəaliyyətlərin dayandırılması üçün təcili və effektiv tədbirlər görməyi tələb edib.
Tehran hesab edir ki, “Starlink” xidmətinin İran ərazisində müvafiq icazə olmadan fəaliyyət göstərməsi ölkənin milli təhlükəsizliyi və suverenliyi baxımından ciddi narahatlıq doğurur.


























