Mehri gömrüyü tərəfindən ixrac və tranzit daşıyıcıların qəbulunun artırılmasına dair Ermənistan və İranın gömrük rəsmiləri arasında razılıq əldə olunub.
Vətəninfo.az Nasr News-ə istinadən xəbər verir ki, İranın Norduz və Ermənistanın Mehri gömrük postlarının rəhbərləri Mehridə keçirilən görüşdə sərhəd əlaqələrinin inkişafı və asanlaşdırılması, habelə iki ölkə arasında 3 milyard dollarlıq ticarət sazişinin icrası ilə bağlı müzakirə və fikir mübadiləsi aparıblar.
Görüşdə ixrac və tranzit malları daşıyan iranlı sürücülərin qaldırdıqları problemlərə toxunan Norduz gömrük postunun rəisi Rza Tağızadə, Ermənistan gömrüyü tərəfindən yük avtomobillərinin qəbul sayının artırılmasını vacib hesab edib.
Qeyd edək ki, Şərqi Azərbaycan əyalətində yerləşən Norduz sərhəd postu İranla Ermənistan və Avrasiya İttifaqına üzv dövlətlər arasında yeganə quru sərhəd-keçid məntəqəsidir və buradan hər gün 400-dən çox yük maşını keçir.