image-reklam-veteninfo
image-1backend

İran və MAQATE arasında əməkdaşlıq sazişi imzalanıb

image-reklam-veteninfo

İran və Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) arasında əməkdaşlığın bərpasına dair yeni saziş imzalanıb. Vətəninfo.az xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi özünün Telegram kanalında məlumat verib.

Saziş Misirin paytaxtı Qahirədə İranın xarici işlər naziri Abbas Əraqçi ilə MAQATE-nin baş direktoru Rafael Qrossi arasında imzalanıb.

Nazir Əraqçi bildirib ki, bu mühüm razılaşma İranın nüvə proqramı ilə bağlı bütün məsələlərin diplomatiya və dialoq yolu ilə, yalnız sülh çərçivəsində həll olunması niyyətinin göstəricisidir.

“İran qeyri-qanuni və cinayətkar hücumlara baxmayaraq, Nüvə Silahlarının Yayılmaması Müqaviləsi çərçivəsində nüvə enerjisindən dinc məqsədlərlə istifadə hüququnu qorumaqda qərarlıdır. Eyni zamanda, öhdəliklərini yerinə yetirməyə və mənalı dialoqa açıq olduğunu nümayiş etdirir”, – deyə o, Qahirədə keçirilən mətbuat konfransında bildirib.

Əraqçinin sözlərinə görə, saziş çərçivəsində razılaşdırılmış praktiki addımlar həm İran qanunvericiliyini, həm də Tehran tərəfinin narahatlıqlarını nəzərə alır və tərəflər arasında davamlı əməkdaşlıq üçün möhkəm zəmin yaradır.

Saziş həmçinin İranın təhlükəsizlik şərtlərini və MAQATE-nin texniki tələblərini əhatə edən praktiki mexanizmləri də əhatə edir.

MAQATE-nin baş direktoru Rafael Qrossi isə sosial şəbəkə platforması X-də (əvvəlki Twitter) yaydığı paylaşımda agentliklə İranın ölkədə nüvə obyektlərinə yoxlamaların bərpası ilə bağlı razılıq əldə etdiyini təsdiqləyib.

Qeyd edək ki, bu razılaşma İran prezidenti Məsud Pezeşkianın 2 iyulda imzaladığı və MAQATE ilə əməkdaşlığı dayandıran qanunla bağlı fərmandan sonra ilk belə diplomatik addımdır. Həmin fərmanın ardından agentliyin müfəttişləri İrandan çıxarılmışdı.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki