Vətəninfo.az xəbər verir ki, İranın XİN rəhbəri Abbas Əraqçı “Russia Today”ə müsahibəsində “rusiyalı həmkarı ilə Qafqazdakı son prosesləri müzakirə edib-etmədiyi” sualına cavab olaraq deyib:
“Tehranın Qafqazdakı siyasəti koordinasiya olunub. Biz bir-birimizlə daim məsləhətləşirik. Keçmişdə bölgə ölkələrinin iştirakı ilə birgə iclaslar keçirilib və bu yaxınlarda biz “3+3” formatını başlatdıq ki, bu da üç ölkə – Azərbaycan, Gürcüstan, Ermənistan, üstəlik İran, Türkiyə və Rusiya arasında həyata keçirilir”.
Əraqçı bildirib ki, İran bölgənin məsələlərinin ancaq region ölkələrinin iştirakı ilə həll oluna biləcəyinə inanır. Onun sözlərinə görə, “xarici qüvvələrin mövcudluğu bu bölgədə təhlükəsizliyə kömək etməyəcək, əksinə, zərərli olacaq”.
“Bakı ilə İrəvan arasında sülh müqaviləsini dəstəkləyirik və inanırıq ki, sənədin imzalanması ilə region yeni mərhələyə qədəm qoyacaq və iqtisadi, siyasi, kommunikasiya əməkdaşlığı daha uğurlu forma alacaq”, – Əraqçı vurğulayıb.