İranın neft naziri Möhsün Paknejad Fars əyalətinin cənubunda yerləşən Pazan yatağında yeni qaz və neft ehtiyatlarının aşkar edildiyini açıqlayıb. Vətəninfo.az xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.
Nazir bildirib ki, yeni kəşf ölkənin enerji sahəsindəki potensialını əhəmiyyətli dərəcədə artıracaq və gələcəkdə enerji balanssızlığının qarşısını almağa yardım edəcək.
“Yeni tapıntı İranın qaz ehtiyatlarını təxminən 10 trilyon kub fut artıracaq,” – deyə Paknejad bildirib.
Onun sözlərinə görə, bu mühüm kəşf Fars əyalətinin cənubunda, Buşəhrdən şimala doğru uzanan Pazan yatağında aparılan uzunmüddətli kəşfiyyat işlərinin nəticəsidir. Pazan yatağı Buşəhr vilayətinin Cam şəhərindən təxminən 21 kilometr məsafədə yerləşir.
Paknejad əlavə edib ki, səkkiz illik fasilədən sonra ərazidə ikinci kəşfiyyat quyusunun qazılması uğurla başa çatdırılıb və bu, ərazidə aparılan işlər üçün əhəmiyyətli dönüş nöqtəsidir.
Nazir həmçinin qeyd edib ki, Pazan yatağının istismarına dair müqavilə artıq imzalanıb və yaxın vaxtlarda işlərin başlanılması planlaşdırılır. Onun proqnozuna əsasən, hasilat təxminən 40 ay ərzində başlanacaq.
Yeni yatağın kəşfi İranın enerji sektorunda strateji əhəmiyyətə malik olmaqla yanaşı, ölkənin iqtisadiyyatına da ciddi töhfə verəcək.