Etnik bəluçlardan ibarət olan Ənsar əl-Furqan silahlı qruplaşması İranın cənub-şərqində fəaliyyət göstərən hökumət əleyhinə “Xalq Döyüşçüləri Cəbhəsi” alyansına qoşulub.
Vətəninfo.az xəbər verir ki, bu barədə koalisiyanın rəsmi nümayəndəsi Mahmud Bəluç məlumat verib. Onun sözlərinə görə, birləşmə regionun nüfuzlu şəxslərinin vasitəçiliyi və hər iki təşkilatın rəhbərliyi arasında aparılan danışıqlar nəticəsində baş tutub. Tərəflərin əsas məqsədi İslam Respublikasının hakimiyyət orqanlarına qarşı fəaliyyətlərini əlaqələndirməkdir.
Mahmud Bəluç İran əhalisini mövcud hakimiyyət sisteminə qarşı birgə mübarizə aparmaq üçün siyasi və ideoloji fikir ayrılıqlarını kənara qoymağa çağırıb.
Qeyd edək ki, Ənsar əl-Furqan İranın Sistan və Bəlucistan əyalətində fəaliyyət göstərən silahlı təşkilatdır. Qruplaşma 2013-cü ildə “Hərəkat əl-Furqan” və “Ənsar İran” adlı iki silahlı strukturun birləşməsi nəticəsində yaradılıb. Təşkilatın “Əl-Qaidə”yə yaxın ideologiyanı mənimsədiyi bildirilir.


























