image-1backend

İranın yeni prezidenti kimdir? – DOSYE

image-reklam_sirab_01

Xəbər verdiyimiz kimi, İranda keçirilən prezident seçkilərinin qalibi açıqlanıb. Məsud Pezeşkian prezident seçkilərinin ikinci turunda mühafizəkar Səid Cəliliyə qalib gəlib.

Məsud Pezeşkian kimdir?

Vətəninfo.az İranın yeni prezidenti barədə qısa məlumatı təqdim edir:

Həyat yolu, təhsil və karyera pillələri

Məsud Pezeşkian 1954-cü ildə sentyabr ayının 29-da İranın Qərbi Azərbaycan əyalətinin Mahabad şəhərində dünyaya gəlib. Məlumatlara görə, onun atası türk, anası isə kürddür.

1973-cü ildə ali təhsil diplomu alıb və məcburi həqiqi hərbi xidmətini yerinə yetirmək üçün Zabol bölgəsinə gedib. Bu dövrdə o, tibblə məşğul olmağa başlayıb. Həqiqi hərbi xidməti başa vurduqdan sonra öz şəhərinə qayıdıb və ali məktəbin tibb fakultəsinə daxil olub. O, universiteti fərqlənmə ilə bitirib. İran-İraq müharibəsi (1980–1988) zamanı Məsud Pezeşkian tez-tez ön cəbhəni ziyarət edib. O bu müharibədə əsgər və həkim olaraq fəaliyyət göstərib.

Müharibədən sonra Təbriz Tibb Elmləri Universitetində ümumi cərrahiyə ixtisası üzrə təhsilinə davam edib. 1993-cü ildə İran Tibb Elmləri Universitetinin ümumi cərrahiyə ixtisası üzrə uzmanlıq dərəcəsi alıb. 1994-cü ildə universitetin rektoru təyin edilib və 5 il bu vəzifəni icra edib.

Məsud Pezeşkian keçmiş prezident Məhəmməd Hatəminin administrasiyasında (2001-2005) səhiyyə naziri vəzifəsində çalışıb. O, beş dəfə parlamentə deputat seçilib. Pezeşkian 8-ci, 9-cu, 10-cu və 11-ci məclislərin (parlament) üzvü olub. O, İran parlamentində təbrizliləri təmsil edib.

O, həmçinin 2016-2020-ci illərdə parlamentin birinci vitse-spikeri vəzifəsində çalışıb.

Məsud Pezeşkian Quran müəllimi və şiə məzhəbindən olanlar üçün vacib mətn olan Nəch-ul Bəlağənin oxuyucusudur. O, hazırda İran-Türkiyə Dostluq Dərnəyinin üzvüdür.

İslahatçılara yaxınlığı ilə tanınan Pezeşkian prezidentliyə namizəd olduqdan sonra sosial mediadakı paylaşımında təcrübəli və bilikli insanları vəzifəyə təyin etməyin vacibliyini vurğulayıb və planlarını açıqlayıb. Pezeşkian həmçinin İranın ali rəhbəri Ayətullah Seyid Əli Xameneinin əmrlərini yerinə yetirəcəyinə söz verib.

Qeyd edək ki, M.Pezeşkianın 4 övladı var. Həyat yoldaşı 19 il əvvəl dünyasını dəyişsə də, o, daha sonra evlənməyib.

Türkdür?

Pezeşkian 2016-cı ildə parlamentin açıq iclasında Tanrının onu türk kimi yaratdığını və heç kimin türklərin dilini, mədəniyyətini ələ salmağa haqqının olmadığını deyib. Həmçinin konstitusiyanın 15-ci maddəsinə əsasən, İrandakı bütün etnik qrupların ana dilində təhsil almaq haqqının olduğunu dilə gətirib. Pezeşkian İranda türk komandası olan “Traktor”un azerkeşidir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki