İran parlamentinin Milli Təhlükəsizlik Komissiyasının üzvü Fədahüseyn Maleki İslam ölkələrinin bir araya gəldiyi hərbi-siyasi ittifaqın yaradılmasını təklif edib.
Vətəninfo.az xəbər verir ki, Maleki “İslam NATO-su” adlandırdığı belə bir qurumun yaradılmasının vacib olduğunu bildirib. Onun sözlərinə görə, bir sıra İslam ölkələri bu təşəbbüsə müsbət yanaşıb.
Deputat İsrail və ABŞ-nin regionda həyata keçirdiyini iddia etdiyi genişmiqyaslı hərbi əməliyyatları əsas gətirərək, İslam ölkələrinin öz təhlükəsizlik və maraqlarını qorumaq üçün vahid ittifaq yaratmasının zəruri olduğunu deyib.
Maleki bildirib ki, İslam ölkələri arasında birlik və həmrəylik gücləndirilərsə, ABŞ və İsrailin Fələstin, Livan və Yəməndə hərbi fəaliyyətlərini davam etdirməsinin qarşısını almaq mümkün ola bilər.
Qeyd edək ki, Malekinin açıqlaması İran parlamentinin rəsmi xəbər agentliyi ICANA tərəfindən yayımlanıb.


























