İranın kürd müxalifət təşkilatı “Komala”nın İraq Kürdüstanında yerləşən bazası pilotsuz uçuş aparatının (PUA) hücumuna məruz qalıb.
Vətəninfo.az xəbər verir ki, partlayıcı maddə ilə yüklənmiş dron Ərbil əyalətinin Balisan bölgəsində, Alana vadisində yerləşən bazanı hədəfə alıb. Hücum Ərbil şəhərindən təxminən 90 kilometr şimal-şərqdə baş verib.
Hadisə nəticəsində bazaya maddi ziyan dəydiyi bildirilir. İlkin məlumata görə, hücum zamanı ölən və yaralanan olmayıb, “Komala” üzvləri arasında da xəsarət alan yoxdur.
“Komala” təşkilatı hücumun arxasında İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) dayandığını iddia edib.
Hücumla bağlı SEPAH tərəfindən açıqlama verilib-verilmədiyi barədə məlumat yoxdur.


























