Qarabağın tarixini araşdıranlar bilirlər ki, 1873-cü ilə qədər Şuşada bir dənə də olsun bulaq olmayıb. Xanlıq burda qurulandan içməli su da olmayıb. Əsasən qara su idi ki, bunu da içmək qeyri mümkün idi. İnsanlar öz içməli su təlabatlarını şəhərin hər iki tərəfindən axan çaylardan ödəyirdilər. Şuşa şəhərinə ilk dəfə bulağı çəkdirib insanların ağır əziyyətdən qurtaran Xan qızı Nətəvan olub. O, yerli ustalaara 100 minə qədər qızıl pul ayrır ki, şəhərdə mütləq şəkildə bulaq olmalıdır və qərar belə olur ki, saxsı borular daha etibarlıdır və sonradan “Xan qızı” adlanan bulaq çəkilir. Həmin bulağın suyu 30 kilometrdən də uzaqda yerləşən dağlardan çəkilib Şuşaya gətirilib. Bundan sonra şəhərdə bulaq çəkilməsinin varlı ailələr də maliyyəsini ayrırlar. Məsəl üçün köklü nəsillərdən biri olan Mehmandarovlar da “Mehmandarov bulağı” çəkirlər öz məhləllərinə.
Xan qızının təşəbbüsünə qoşulan bəylər, xan ailəsinin üzvləri şəhərə bulaq çəkmək üçün sanki bir birləri ilə yarışa girirlər. Onlar öz məhəllərinə su çəkmək üçün meşə və dağlarda qaynaq axtarmağa başlayırlar.
Xan qızı Şuşanın meşələrinə və dağlarına bələd olan İsa adlı ovçudan xahiş edir ki, şəhərə su çəkmək üçün qaynaq tapsın və o da Xan qızının sözünü yerə salmır. Qalın ağaclar əhatəsində olan meşədə böyük su qaynağı tapır və Natavana məlumat verir. Xan qızı maliyyə ayrır ki, mütləq Şuşanın yaxınlığında, Xankəndi –Şuşa yolunun üstündə bulaq çəkilsin və bu bulağın çəkilməsində ovçu İsa da böyük kömək edir. İlk öncə bulağın adını yenə “Xan qızı bulağı” qoymaq istəsələr də, açılışda iştirak edən Natavan təklif edir ki, bu suyun qaynağın kim tapıbsa onun adı ilə olsun. Nəticədə “İsa bulağı” yaranır.
İsa bulağının başında XVIII-XIX əsrlərdə məclislər qurulub, Şuşaya gələn qonaqları həmişə İsa bulağına gətirmək, orada onlara yaxşı məclis qurmaq bir ənənəyə çevrilib.
İsa bulağına köhnə Şuşalılar öz aralarında “Qeyrət bulağı” da deyirdilər. Bunun tarixi çox maraqlıdır. Vaxtilə Üzeyir Hacıbəylinin böyük dayısı Mustafa bəy qonaqlarını başına yığaraq İsa bulağına gəlib. Bu o zaman imiş ki, Xan qızı Natəvan ikinci dəfə ailə həyatı qurubmuş. Onun Şuşa bəylərinə yox, kasıb Seyid Hüseynə ərə getməsi məsələsi süfrədə də söhbət mövzusu olur. İçkidən keflənən qonaqlardan biri durub “Qarabağda, Şuşada bir kişi tapılmadı ki, irandan gələn Xan qızını yatağında onu razı salır” sözü Mustafa bəyi o qədər qəzəb edir ki, durub onun yanına gəlir və belindəki xəncər ilə onun qarnına ağır zərbə vurur. Yaralı qonaq stoldan durur və özündə güc tapıb belindən tapança çıxrdıb onu Mustafa bəyin ürəyindən vurur. İkisin də xilas etmək olmur.
Bu hadisədən sonra Şuşada heç kim Xan qızı barədə bir daha söz demir.
İsa bulağını xatirələrdə yaşadan insanlardan biri də Mürsəl Hacıyev idi. İsa bulağında otururdu, Hər gün Şuşadan İsa bulağına 20 kilometrlik yolu piyada gəlirdi. O, müxtəlif mahnıları ifa edirdi. Ən yadda qalanları
“Gəl məni çaydan keçir.
Oxumu yaydan keçir.”
VƏ
“Adə, adə Dadaşbala, camış bağa girdi gəl”- sözləri Şuşada çox adamın zümzüməsi idi. O, 1989-cu ildə ermənilər tərəfindən vəhşicəsinə qətl edilib. Evinə geri qayıdan zaman ağacların arasında gizlənən üç erməni onun qarşısını kəsir, cibindən bütün pullarını əlindən alırlar. Onlar 110 yaşı olan Mürsəl kişini orda öldürüb, çıxıb gediblər.
Sözləri Məmməd Rahimə, musiqisi isə Bahadur Hüseynova məxsus olan “İsa bulağı” mahnısı da vaxtilə Azərbaycanda çox populyar olub.
Böyük Məmməd Arazın bu misralarını da unutmaq olmur İsa bulağı ilə bağlı:
“İsa bulağının soyuq suyundan
Yaxın gəl, əyil iç, bu da bir dərman.
Yaxın gəl bir az,
bu səs-küydə səni,
Şair Məmməd Araz, tanıyan olmaz”
İşğal dövründə ermənilər buranı “İsaak bulağı” adlandırıb və burada yeyib içməyə gələnlərin əksəriyyəti iranlı turistlər idi. Sübut: https://ok.ru/video/2077450046197
44 günlük Zəfər müharibəsi və 23 saatlıq qələbə savaşından sonra İsa Bulağı yenidən Azərbaycan xalqının sərbəst gedib gələcəyi bir məkan olub. Ümid edirik, əsrlər keçəcək, Bulaq isə yenə bizim xalqın olacaq
Zaur Əliyev
dosent