Paytaxtımız Bakı şəhəri son illərdə bir çox iri miqyaslı beynəlxalq tədbirlərə ev sahibliyi edib. Bu tədbirlər çərçivəsində Azərbaycanda İslam Əməkdaşlıq Təşkilatı, ICESCO təşkilatı xətti ilə bir çox tədbirlər keçirilib. 2017-ci ildə isə ölkəmizin təşəbbüsü və bütün müsəlman ölkələrinin dəstəyi ilə Bakıda IV İslam Həmrəylik Oyunları keçirilib. Bu yarışlar Azərbaycanda sadəcə idman yarışı kimi deyil, böyük birlik bayramı kimi qəbul edilib. Ümumilikdə isə tədbirə 40 ölkəni və 15 beynəlxalq təşkilatı təmsil edən dövlət, elm və din xadimləri qatılıblar.
Sentyabrın 14-də Bakı şəhərində Türk Dövlətləri Təşkilatına üzv ölkələrin müsəlman dini idarə rəhbərlərinin VII görüşü keçirilib və Ağdam Cümə məscidində isə böyük şair, mütəfəkkir Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq konfrans təşkil edilib.
Əlamətdar haldır ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatının müsəlman dini idarə rəhbərləri Şurasının üzvlərindən və müşahidəçilərindən, Yəhya Bakuvi Beynəlxalq Konfransının həmtəşkilatçılarından və Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərindən ibarət nümayəndə heyətini qəbul edib.
Görüş zamanı ölkə başçısı qeyd edib ki, biz Azərbaycanda hər zaman çalışmışıq və çalışacağıq ki, İslam həmrəyliyini əməli-praktiki addımlarla, öz işimizlə gücləndirək. Cənab Prezident müsəlman dini liderlərinin hər bir sözünün müsəlman icmaları üçün çox dəyərlidir, qiymətli olduğunu qeyd edib. Bildirib ki, “Bu sözlər sülhə, əməkdaşlığa, əmin-amanlığa, barışığa istiqamətləndirilirsə, deməli, yaşadığımız bölgələrdə də sülh və əmin-amanlıq üstünlük təşkil edəcək”.
İşğal dövründə bu ərazilərdə 65 məscid Ermənistan tərəfindən tam dağıdılıb və bəziləri isə yarıdağılmış vəziyyətə gətirildiyini vurğulayan dövlətimizin başçısı deyib: “Yəqin ki, siz də o fotoları görmüsünüz, Ermənistan məscidlərdə bilərəkdən, qəsdən heyvan saxlayırdı, donuz saxlayırdı, inək saxlayırdı. Yəni bizi təhqir etmək, bizi aşağılamaq üçün, bizim həssaslığımızı dərk edərək, yəni qəsdən xalqımızı daha da incitmək üçün belə vəhşi əməllərdən də çəkinmədi. Əslində bu, təkcə bizə, xalqımıza yox, bütün İslam dünyasına bir təhqir idi. Bax, budur Ermənistan dövlətinin əsl siması. Biz bunu heç vaxt unutmamalıyıq və unutmayacağıq”.
Bidirilib ki, bərpa işlərinə, İkinci Qarabağ müharibəsi başa çatdıqdan dərhal sonra – 2021-ci ildən başlanılıb və bərpa edilən birinci obyekt Ağdam məscidi olmuşdur. Dağıdılmış məscidin bərpası yalnız bir tarixi abidənin deyil, həm də tarixi ədalətin və mənəvi yaddaşın bərpasıdır. Bu gün Ağdam şəhər məscidi Qarabağın mühüm simvollarından biri olmaqla yanaşı, yerli sakinlər və şəhərimizə səfər edən insanlar üçün ibadət və ziyarət məkanıdır.
Dövlətimizin başçısı, həmçinin bildirib: “Bu günədək artıq 12 məscid, – hansılar ki, ya tamamilə dağıdılmışdı, ya da ki, yarı dağıdılmışdır, – bərpa edilib, yenidən qurulub və bu proses davam etdirilir”.
Prezident İlham Əliyev Bakıda keçirilən beynəlxalq konfransların iştirakçıları ilə görüşündə işğal dövründə Ermənistanın məscidlərə qarşı dağıdıcı münasibətindən danışıb. Ölkə başçısı görüşdə qeyd edib ki, Türk dünyası, Qafqaz, İslam aləmi bir yerdə olanda heç kim bizə bata bilməz. Bizim birliyimiz hər birimizi gücləndirəcək. Çünki biz hər birimiz tək qalanda çətinliklərlə üzləşə bilərik.
“Amma Türk dünyası, Qafqaz, İslam aləmi bir yerdə olanda heç kim bizə bata bilməz. Heç kim bizə qarşı ədalətsizlik edə bilməz. Ona görə də biz dövlət olaraq və dövlət siyasəti apararaq bu amili həmişə üstün tuturuq”, – deyə dövlətimizin başçısı vurğulayıb.
Hazırda Ermənistanla Azərbaycan arasında sülh prosesi gedir. Lakin buna baxmayaraq xalqımıza qarşı törədilən vəhşiliklər, dağıdılmış məscidlərimiz, təhqir edilmiş mədəni ocaqlarımız, Xocalı qurbanları heç vaxt unudulmayacaq.
Qeyd edilib ki, bu gün Qarabağda və Şərqi Zəngəzurda artıq 48 şəhər və kənddə insanlar yaşayır. Yəni keçmiş köçkünlər qayıdıb, orada işləyənlər, təhsil alanlar məskunlaşıb. “Böyük Qayıdış” Proqramı uğurla icra edilir. Bu şəhər və kəndlərdə artıq 90 mindən çox insan yaşayır. Bu da ölkəmizin tarixi nailiyyətidir.

İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü


























