1 sentyabrda keçiriləcək növbədənkənar parlament seçkilərinin təbliğat təşviqat mərhələsi sona çatmaqdadır. Bu seçkilərdə hakim Yeni Azərbaycan Partiyası öz namizədlərini irəli sürsə də, oliqarxlar da parlamentdə öz adamlarının təmsil olunması üçün hərəkətə keçiblər. Rusiyada yaşayan məşhur iş adamı İsgəndər Xəlilov də parlamentə öz adamını yerləşdirmək üçün artıq işə başlayıb. Belə ki, 59 saylı Quba seçki dairəsindən deputatlığa namizəd Fərhad Səttarov İsgəndər Xəlilovun sağ əli hesab edilir. Oliqarx iş adamı özünə yaxın bildiyi Fərhad Səttarovu məhz Qubadan deputat kimi görmək istəyir. Mənbəmiz iddia edir ki, İsgəndər Xəlilov bu iş üçün kisəsinin ağzını açmağı unutmayıb. Media üçün kifayət qədər pul ayıran iş adamı Fərhad Səttarovun parlamentə düşməsi üçün hər vəchlə çalışır. Görünən odur ki, İsgəndər Xəlilovun təlimatlarını həyata keçirən adamlar artıq Qubada böyük lahiyələr həyata keçirəcəklərini bildirirlər. Yerli əhali ilə görüşdə Fərhad Səttarovun qərargahının üzvləri Qubada zavodlar inşa etdirəcəklərini, seçicilərinə iş verəcəklərini vəd verməklə onları görüşə gətirməyə çalışırlar. Mənbəmiz bildirir ki, hətta görüşə gələnlər üçün müəyyən məbləğdə vəsait də ödənilir. Bundan əlavə Qubadakı mənbəmiz bildirir ki, Fərhad Səttarovun adamları yüksək vəzifəli məmurların adından istifadə etməkdən də çəkinmirlər. Hətta Qırmızı qəsəbədə keçirilən görüşdə Fərhad Səttarovun qərərgahının üzvləri iddia ediblər ki, onlara ən yuxarı dairələrdən raziliq verilib. Bir sözlə İsgəndər Xəlilovun adamları Fərhad Səttarovu parlamentə salmaq üçün bütün vasitələrdən istifadə edir.
Bir müddət Rusiyada çalışan, daha sonra uzun illərdir ki, İsgəndər Xəlilovun komandasında yüksək vəzifə alan Fərhad Səttarov əslində kimdir?
İsgəndər Xəlilovun şirkətlərində yüksək vəzifə tutan Fərhad Səttarovun həyat yolu belədir.
Fərhad Səttarov 1974-cü ildə Bakı şəhərində anadan olub. Bakı Dövlət Universitetini və Qərb Universitetini bitirdikdən sonra, 2000-2008-ci illərdə “VES Consulting” şirkətində Hüquq Məsələləri üzrə Direktor vəzifəsində çalışıb. 2003-2004-cü illərdə LSE-nin Londonda təşkil etdiyi təcrübə və staj proqramlarında iştirak edib.
2008-ci ildə “ISR Holdinq” işə başlayıb. Fərhad Səttarov “ISR Management” MMC-nin hüquqi məsələlər üzrə direktoru və “Hilton Hotel Baku”nun sahibi olan “ISR Kapital Investments MMC”-nin direktorudur.