İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Qüds Qüvvələrinin komandiri İsmayıl Qaani İsrailin Livana hücumunda yaralanmayıb, lakin təhlükəsizlik pozuntuları ilə bağlı istintaq altındadır və sorğu-sual edilir.
Bu barədə İran, Livan, İraq, “Hizbullah” və SEPAH-a yaxın mənbələr “Middle East Eye”ya bildirib.
Nəşrin yazdığına görə, Nəsrullahın ölümündən sonra SEPAH İsrailin Livan hərəkatının ən yüksək rütbəli rəhbərliyinə necə nüfuz edə bildiyi və Nəsrullahın yerini necə öyrəndiyi ilə bağlı araşdırmalar başladıb. Hətta İranın Qaani və onun komandasını da bununla bağlı sorğu-sual etdiyi bildirilir.
Mənbələr bildiriblər ki, Nəsrullahın varisi Haşim Səfiəddinin oktyabrın 4-də İsrailin “Hizbullah”ın gizli yeraltı bazasına növbəti güclü zərbəsi nəticəsində öldürülməsi ilə İranın yüksək rütbəli komandirlərinə dair şübhələr daha da artıb.
Qaani Nəsrullahın öldürülməsindən iki gün sonra bir neçə SEPAH komandiri və digər şəxslərin müşayiəti ilə yerdəki vəziyyəti qiymətləndirmək üçün Livana gedib. Səfiəddinin öldürülməsindən sonra onunla iki gün ərzində bütün əlaqə kəsilib.
Bundan sonra mediada Qaaninin də yaralandığı və ya öldüyü ilə bağlı məlumatlar yayılıb.
SEPAH rəsmisi isə onun sağ olduğunu, iş başında olduğunu deyib.
“İranlıların israillilərin SEPAH-a, xüsusən də Livan arenasında işləyənlərə sızdığına dair ciddi şübhələri var, ona görə də hazırda hər kəs təhqiqat altındadır. Pozuntu 100 faiz İran tərəfdən olub və bu hissə ilə bağlı heç bir sual yoxdur”, – mənbə əlavə edib.
Livan və İraq mənbələri Qaaninin “ev dustağı” olduğunu və onun hazırda Ali Rəhbər Seyid Əli Xameneinin birbaşa nəzarəti altında olan şəxslər tərəfindən dindirildiyini bildirib.
Qaani 2020-ci ilin yanvarında ABŞ-ın Qasım Süleymanini öldürməsindən sonra SEPAH-ın Qüds Qüvvələrinə rəhbərlik edir.
“HƏMAS-ın siyasi lideri İsmayıl Haniyənin iyul ayında Tehranda öldürülməsi İsrailin təhlükəsizlik qüvvələrinə pis şəkildə nüfuz etdiyinə dair şübhələri artırıb.
İranlılar indi pozuntunun miqyasını və mənbəyini müəyyənləşdirməyə çalışırlar. Məlumatlar mənbənin İnqilab Keşikçiləri olduğunu göstərir, lakin indiki mərhələdə buna əmin olmaq mümkün deyil”, – deyə mənbə bildirib.