İsrail Qəzza zolağında HƏMAS ilə atəşkəsin birinci mərhələsində sərbəst buraxılması planlanan israilli 9 girov azad edilənə qədər ikinci mərhələ üzrə danışıqları dayandırıb.
Vətəninfo.az xəbər verir ki, İsrail Baş Nazirliyinin Mətbuat İdarəsindən adı açıqlanmayan bir səlahiyyətlinin adından edilən yazılı açıqlamada İsrailin HƏMAS-dan “yaxın günlərdə” atəşkəs razılaşmasının birinci mərhələsində sərbəst buraxılması planlaşdırılan 9 girovu təhvil verməsini gözlədiyi bildirilib.
Açıqlamada 9 girov azad edilənə qədər İsrailin atəşkəsin ikinci mərhələsi ilə bağlı danışıqlarda iştirak etməyəcəyi vurğulanıb.
İsrailin Baş naziri Benyamin Netanyahu da yaydığı videomüraciətdə deyib:
“HƏMAS şənbə günü günortaya qədər girovları azad etməsə, atəşkəs başa çatacaq və İsrail şiddətli hücumlarına yenidən başlayacaq. Sonra da HƏMAS məğlub olanadək bunu davam etdirəcək”.
HƏMAS-ın hərbi qanadı İzzəddin Əl-Qəssam Briqadalarının sözçüsü Əbu Ubeydə bir gün əvvəl verdiyi açıqlamada fevralın 15-də baş tutması gözlənilən əsir mübadiləsinin İsrailin atəşkəs razılaşmasındakı öhdəliklərini yerinə yetirmədiyi səbəbiylə dayandırıldığını bildirib.
İsrail və HƏMAS arasında atəşkəs razılaşmasının birinci mərhələsində əksəriyyəti həyatda olan israilli 33 girovun sərbəst buraxılması planlaşdırılırdı.
Yanvarın 19-da qüvvəyə minən atəşkəs çərçivəsində indiyədək 13 israilli və 5 taylandlı girov sağ-salamat sərbəst buraxılıb.