İsrailin baş naziri Benyamin Netanyahunun ən yaxın tərəfdarları onu Qəzza zolağında hərbi əməliyyatların genişləndirilməsindən imtina etməyə və əvəzində HƏMAS-la müvəqqəti razılaşmaya getməyə inandırmağa çalışırlar. Vətəninfo.az xəbər verir ki, bu barədə The Wall Street Journal məlumat yayıb.
Məlumata görə, son həftələrdə təhlükəsizlik qurumlarının yüksək vəzifəli nümayəndələri və hökumət üzvləri qapalı iclaslarda Netanyahudan strategiyanı yenidən nəzərdən keçirməyi və atəşkəsin əldə olunmasına fokuslanmağı tələb ediblər. İsrail Müdafiə Ordusunun Baş Qərargah rəisi Eyal Zamir xəbərdarlıq edib ki, qarşıdurmanın dərinləşməsi Qəzzada İsrailin faktiki hərbi idarəçiliyinə gətirib çıxara bilər.
“Mossad”ın rəhbəri David Barnea və xarici işlər naziri Gideon Saar da hərbi əməliyyatların davam etdirilməsinə ehtiyacla bağlı şübhələrini ifadə ediblər. Onların fikrincə, əsas prioritet atəşkəs razılaşmasının əldə olunması və ən azı bir hissə girovların azad edilməsidir. Saar bildirib ki, döyüşlərin uzanması ciddi diplomatik nəticələrə və mülki itkilərin artması fonunda beynəlxalq tənqidlərin güclənməsinə səbəb ola bilər.
Qəzet yazır ki, bu mübahisə Netanyahu ilə İsrailin güc strukturlarının bir sıra nümayəndələri arasında müharibənin məqsədləri, gedişatı və Qəzzanın gələcəyi ilə bağlı fikir ayrılıqlarını əks etdirir. Baş nazirin artan daxili müqavimət və beynəlxalq qınağa baxmayaraq, Qəzza şəhərinə hücumu davam etdirmək qərarı isə bu parçalanmanı yenidən gündəmə gətirib.