İranın bir sıra mühüm infrastruktur obyektləri İranın İsrailə raket hücumuna cavab olaraq İsrailin zərbələri ilə hədəf ola bilər. Vətəninfo.az-ın məlumatına görə , bu barədə Axios xəbər platforması məlumat yayıb.
İsrail rəsmiləri mediaya bildiriblər ki, İsrail neft hasilatı obyektlərini və digər strateji obyektləri hədəfə ala biləcək əhəmiyyətli cavab zərbəsi endirəcək. Mənbələr İranın nüvə obyektlərinə zərbə endirmə ehtimalı da daxil olmaqla bütün variantlara baxılacağını qeyd edib.
Axios qeyd edir ki, İsrail həm hava hücumları, həm də iyulun 31-də Tehranda HƏMAS lideri İsmayıl Haniyənin öldürülməsi kimi gizli əməliyyatlarla cavab verə bilər.
İsrailin baş naziri Benyamin Netanyahu oktyabrın 1-də Tehranın zərbəsinə cavab verəcəyini vəd edərək bildirib ki, İran “böyük səhv edib və bunun əvəzini ödəyəcək”.
İsrail tərəfinin məlumatına görə, İranın atdığı 180-dən çox raketin əksəriyyəti vurulub. İran da öz növbəsində ölkə silahlı qüvvələrinin ilk dəfə “Fəttah” raketlərindən istifadə etdiyini və atdığı raketlərin 90%-nin hədəflərinə dəydiyini açıqlayıb.
İsrailin BMT-dəki daimi nümayəndəsi Denni Danon “İran bu günə qədər İsrail dövlətinə qarşı ən böyük və ən qəddar raket hücumunu həyata keçirib” deyib. O qeyd edib ki, ölkə hökuməti həmin hücuma nə vaxt və necə cavab verəcəyinə qərar verəcək.