Vətəninfo.az Livanın Milli Xəbər Agentliyinə (NNA) istinadən verdiyi məlumata görə, İsrail qüvvələri Livanın cənub sərhəd rayonlarını atəşə tutub. İsrail döyüş təyyarələri, Livanın cənubundakı Aytarun qəsəbəsinin Hanuk bölgəsinə və Tar Falsay yaşayış məntəqəsinə hava zərbələri endiriblər.
Noyabrın 13-nə keçən gecə, İsrailin pilotsuz uçan aparatları Nəbatiyyə və yaxın ərazilər üzərində intensiv fəaliyyət göstərib.
Livan parlamentinin sədri Nəbih Berri, İsrailin hərbi təxribatlarını pisləyib və Cənubi Livanda Atəşkəs Monitorinq Komitəsinin İsraili hərbi əməliyyatları dayandırmağa və 27 noyabr 2024-cü il tarixli atəşkəs razılaşmasına riayət etməyə məcbur etməli olduğunu qeyd edib. Berri, həmçinin bildirib ki, İsrailin hücumları mülki əhali üçün böyük təhlükə yaradır və müharibədən zərər çəkmiş ərazilərdə yenidənqurma səylərinə mane olur.
Livan Səhiyyə Nazirliyinin məlumatına görə, 2024-cü il noyabrın 27-də Hizbullah ilə İsrail arasında imzalanan atəşkəs razılaşmasına baxmayaraq, İsrailin Livanın hava, quru və dəniz məkanını pozmasının ümumi sayı 5163-ə çatıb. Bu hücumlar nəticəsində 309 mülki şəxs həlak olub, 598 nəfər isə yaralanıb. İsrail ordusu, son müharibə zamanı ələ keçirdiyi beş mühüm Livan yüksəkliyini saxlamağa davam edir.


























