İsrailin kibertəhlükəsizlik rəsmiləri İranla gərginliyin artmasından sonra Tehranın kiberhücumlarının miqyasını genişləndirdiyini iddia ediblər. Vətəninfo.az xəbər verir ki, bununla bağlı, İsrail Milli Kiber Təşkilatının baş direktoru Yossi Karadi Tel-Əvivdə keçirilən “Kiber Həftə” konfransında çıxışı zamanı xəbərdarlıq edib.
Rəsmi bildirib ki, xəbərdarlıq İranın son altı ay ərzində İsrailə qarşı istifadə etdiyi hücum və sızma üsullarının təhlilinə əsaslanır və bölgə üçün “narahatedici” ssenarilər ortaya qoyur.
Karadinin sözlərinə görə, müasir şəraitdə “bir düyməyə basmaq belə bir ölkəni diz çökdürə bilər”. Baş direktor dünya miqyasında “ilk kiberəsaslı müharibəyə” doğru irəliləyiş olduğunu bildirib. Onun dediyinə əsasən, bu cür müharibədə güllə atılmadan ölkənin həyati infrastrukturları kiberməkan vasitəsilə iflic edilə, nəticədə kibermüharibə yarana bilər.


























