Təl-Əvivin cənubunda yerləşən Beyt Yam şəhərində bir gecədə üç boş avtobus partladılıb, polis terror aktı hesab edir. Vətəninfo.az xəbər verir ki , bu barədə “The Times of Israel” məlumat yayıb.
Hadisə nəticəsində xəsarət alan olmayıb. Polis qonşu Holon şəhərində tapılan avtobuslarda daha iki partlamamış qurğunu zərərsizləşdirib.
Partlayıcı qurğularda taymerlər var idi. Kanal 12 xəbər kanalının verdiyi məlumata görə, qurğular fevralın 21-i səhər saatlarında, avtobuslarda artıq sərnişinlərin olacağı vaxt partlamalı idi, lakin onlar erkən partlayıb.
Polis partlayıcı maddələrin üzərində qeyd olduğunu və hücumun İordan çayının qərb sahilindən təşkil edildiyini bildirib. Mənbələr hücumda İordan çayının qərb sahilində fəaliyyət göstərən bir terror qruplaşmasının iştirak etdiyini bildirib.
İsrailin baş naziri Benyamin Netanyahu İsrail Müdafiə Qüvvələrinə “İordan çayının qərb sahilindəki terror mərkəzlərinə qarşı geniş əməliyyata başlamağı” əmr edib. Polis və kəşfiyyat xidmətlərinə növbəti hücumların qarşısını almaq üçün İsrail şəhərlərində qabaqlayıcı tədbirləri artırmaq tapşırılıb.
Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində əməliyyat-axtarış tədbirləri həyata keçirirlər. İsrailin nəqliyyat naziri Miri Regev bütün avtobus və qatar reyslərinin dayandırılması barədə göstəriş verib.