Livan hakimiyyətinin bildirdiyinə görə, İsrailin zərbələri nəticəsində ən azı 492 nəfər həlak olub, on minlərlə insan didərgin düşüb. Vətəninfo.az-ın məlumatına görə , bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Livan Səhiyyə Nazirliyinin məlumatına görə, həlak olanlar arasında 35 uşaq da var. 1645 nəfər yaralanıb. Sentyabrın 23-dən bəri Livanın cənubunda bir çox ailə həddindən artıq yüklənmiş avtomobillərlə evlərini tərk edir. Ölkənin şimalına gedən magistral yollar həddindən artıq yüklənib.
Livanın böhranla mübarizə naziri Nasser Yassin Reuters agentliyinə bildirib ki, məktəblərdə və digər müəssisələrdə 26 min nəfərin yerləşə biləcəyi 89 müvəqqəti sığınacaq açılıb.
İsrail də öz növbəsində Livanın cənubunda və Bekaa vadisində Livan Hizbullah qruplaşmasının 1600-ə yaxın hədəfini vurduğunu açıqlayıb. İsrail sentyabrın 23-də planlaşdırılan zərbələri elan edərək, livanlıları tərk etməyə çağırıb. İsrailin baş naziri Benyamin Netanyahu isə videomüraciətində Livan xalqına müraciət edib.
“İsrailin müharibəsi sizə qarşı deyil, Hizbullaha qarşıdır”. “Hizbullah” uzun müddətdir ki, sizdən canlı qalxan kimi istifadə edir” deyə bildirib.
Nəşrin məlumatına görə, ABŞ Dövlət Departamentinin yüksək rütbəli rəsmisi bildirib ki, ABŞ İsrail və Hizbullah arasında vəziyyətin gərginləşməsinin tərəfdarı deyil və Vaşinqton müharibənin genişlənməsinin qarşısını almaq üçün müttəfiqləri və tərəfdaşları ilə konkret ideyaları müzakirə etmək niyyətindədir.
Səudiyyə Ərəbistanı vəziyyətdən narahatlığını ifadə edərək, bütün tərəfləri təmkinli olmağa çağırıb.
Öz növbəsində Nyu-Yorkda olan İran prezidenti Məsud Pezeşkian bildirib ki, İsrail Yaxın Şərqi genişmiqyaslı müharibəyə sürükləmək istəyir, İranı da bu müharibəyə qarışmağa təhrik edir.
İsrail hakimiyyəti isə “Hizbullah”ın hədəflərini vurmaqla qruplaşmanı diplomatik həll yolu ilə razılaşdırmağa çalışdıqlarını açıqlayıb.
Sentyabrın 17 və 18-də Livanda Hizbullah üzvlərinə məxsus minlərlə peycer və telsizin partladılması, azı 39 nəfərin ölümü və 3000-dən çoxunun yaralanmasından sonra İsraillə Hizbullah arasında gərginlik artıb.