Yanvarın 16-na keçən gecə İsrailin endirdiyi zərbələr nəticəsində Qəzza zolağında azı 71 nəfər ölüb, 200-dən çox insan yaralanıb. Vətəninfo.az xəbər verir ki, bu barədə “Reuters” Fələstin anklavının hakimiyyət orqanlarına və sakinlərinə istinadən məlumat yayıb.
İsrail ordusunun sözçüsü bu məlumatın araşdırıldığını bildirib.
Daha əvvəl 20-yə yaxın qurbanın olduğu bildirilirdi.
Zərbələr Qətər, Misir və ABŞ-ın vasitəçiliyi ilə İsrail və Fələstinin HƏMAS radikal hərəkatı arasında 15 aydır davam edən hərbi əməliyyatlara son qoymalı olan atəşkəs razılaşmasının elanından sonra edilib.
İsrail hələ ki, bu sazişi rəsmən təsdiq etməyib. İsrail rəsmisi agentliyə bildirib ki, o, ölkənin təhlükəsizlik kabineti və hökuməti tərəfindən təsdiqlənməlidir, səsvermə yanvarın 16-na təyin edilib.
Eyni zamanda İsrailin baş naziri Binyamin Netanyahu HƏMAS-ı son anda tələblər irəli sürməkdə və əldə olunan razılaşmalardan imtina etməkdə ittiham edib.
Öz növbəsində HƏMAS-ın rəsmi nümayəndəsi İzzət əl-Rişk bəyan edib ki, təşkilat Qəzza zolağında atəşkəs haqqında razılaşmanın şərtlərini yerinə yetirir.
Atəşkəs razılaşması yanvarın 19-da qüvvəyə minməlidir. O, 3 mərhələni əhatə edəcək. birinci mərhələdə tam atəşkəs olmalıdır, İsrail qüvvələri Qəzzanın yaşayış məntəqələrini tərk etməli, Həmas İsrail həbsxanalarında onlarla fələstinlinin qarşılığında saxladığı 33 girovu azad etməlidir.
İkinci mərhələdə hərbi əməliyyatlar tamamilə dayandırılmalı, sağ qalan digər girovların fələstinli məhbuslarla dəyişdirilməsi, İsrail qüvvələrinin Qəzza zolağından çıxarılması və müvəqqəti atəşkəs daimi xarakter daşımalıdır.
Üçüncü mərhələdə Qəzzada əsaslı yenidənqurma planı təqdim edilməli, ölən girovların cəsədləri ailələrinə qaytarılmalıdır.