30 Avqust-Beynəlxalq İtkin Düşmüşlər Günü ilə əlaqədar ictimaiyyətə təqdim edilən statistik məlumatlar diqqətə çəkilib. “İtkinləri unutmaq – onları ikinci dəfə itirməkdir” şüarı altında keçirilən marifləndirici aksiyada Azərbaycandakı itkin düşmüş şəxslərin aqibəti ilə bağlı rəsmi rəqəmlərlə bağlı məlumatlandırma aparılıb.
Aksiyada vətəndaşlara bildirilib ki, birinci və ikinci Qarabağ müharibələri zamanı itkin düşmüş kimi qeydiyyata alınan şəxslərin ümumi sayı 4 010 nəfər təşkil edir. Vurğulanıb ki,aparılan bölgüyə əsasən, bu rəqəmin 3 994 nəfəri Birinci Qarabağ müharibəsinin, 6 nəfəri isə İkinci Qarabağ müharibəsinin payına düşür. Deyilib ki, itkin düşənlərdən 1 112 nəfəri hərbçidir.
2 898 nəfəri isə mülki şəxslərdir ki, onların da arasında 71 uşaq, 265 qadın və 326 ahıl yaşlı şəxs var.
Həyata keçirilən axtarış tədbirləri və kütləvi məzarlıqlardan tapılan qalıqlar üzrə aparılan DNT analizləri nəticəsində indiyədək 127 nəfərin şəxsiyyəti müəyyənləşdirilib.
Hazırda qeydiyyatda olan 3 883 nəfərin taleyi isə hələ də naməlum olaraq qalmaqdadır.


























