Kanadanın Baş naziri Castin Trüdo ölkəsinin heç vaxt ABŞ-nin 51-ci ştatı olmayacağını deyib.
Vətəninfo.az xəbər verir ki, bu barədə Kanada hökumətinin başçısı sosial şəbəkədə yazıb.
“Kanadanın ABŞ-nin bir hissəsi olmaq şansı zərrə qədər də yoxdur”, – paylaşımda qeyd edilir.
Onun sözlərinə görə, hər iki xalq öz ölkələrinin ticarət və təhlükəsizlik sahəsində bir-birinin ən böyük tərəfdaşı olmasından faydalanır.
Bundan əvvəl ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp deyib ki, bir çox kanadalılar ölkələrinin Birləşmiş Ştatların 51-ci ştatı olmasını dəstəkləyirlər. O, hesab edir ki, belə birləşmə Kanadaya təkcə iqtisadi sabitlik gətirməyəcək, həm də onu Rusiya və Çin gəmilərindən gələn xarici təhlükələrdən qoruyacaq.