Kanada ədalətli və davamlı sülhə nail olmaq üçün Ukrayna və Ukrayna xalqının yanında olmağa davam edəcək.
Vətəninfo.az xəbər verir ki, bu barədə Kanadanın baş naziri Castin Trüdo ABŞ prezidenti Donald Tramp və Ukrayna prezidenti Vladimir Zelenski arasında gərgin danışıqlardan sonra özünün X mikrobloqunda yazıb.
“Rusiya qanunsuz və əsassız olaraq Ukraynaya təcavüz etdi. Artıq 3 ildir ki, ukraynalılar cəsarətlə və dözümlə mübarizə aparırlar”. “Onların mübarizəsi hamımız üçün vacib olan demokratiya, azadlıq və suverenlik uğrunda mübarizədir. Kanada ədalətli və davamlı sülhə nail olmaq üçün Ukrayna və Ukrayna xalqının yanında olmağa davam edəcək”, – Trüdo yazıb.
Zelenski ABŞ-a Ukrayna mineralları ilə bağlı müqavilə imzalamaq üçün gəlmişdi, lakin gərgin danışıqlar səbəbindən müqavilənin imzalanması uğursuzluğa düçar oldu və Zelenski Ağ Evi erkən tərk etdi. Zelenski ilə Tramp arasında danışıqlardan sonra keçirilməsi planlaşdırılan mətbuat konfransı da ləğv edilib, Tramp yazıb ki, Zelenski sülhə hazır deyil və sülhə hazır olduqda Ağ Evə qayıda bilər. Zelenski bir yazıda ABŞ və Trampa təşəkkür edərək əlavə edib ki, Ukraynanın ədalətli və sabit sülhə ehtiyacı var və onlar bunun üçün çalışırlar.