image-reklam-veteninfo
image-meshurbackend

Kəlbəcərə qayıdış tarixi Zəfərin davamı və inkişafın yeni mərhələsidir

image-reklam-veteninfo

Məşhur Məmmədov,
Millət vəkili

Yola saldığımız həftə bir sıra mühüm hadisələrlə yanaşı, ölkə başçısı İlham Əliyevin Kəlbəcərə səfəri, 30 ildən artıq elindən-obasından ayrı düşən sakinlərin Kəlbəcərə ilk qayıdışının başlaması ilə yadda qaldı.
5 il öncə Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı qələbə ilə ölkəmizin tarixində yeni səhifə açıldı. Bu səhifənin ən mühüm hadisələrindən biri işğaldan azad edilmiş Kəlbəcərə böyük qayıdışın başlamasıdır. Hər birimiz Kəlbəcərə qayıdan sakinlərin sevinc hissini, minnətdarlıq hissini fəxarətlə izlədik.

Prezident İlham Əliyevin 2025-ci il avqustun 21-də Kəlbəcər şəhərinə səfəri zamanı etdiyi çıxış və həyata keçirilən tədbirlər bu tarixi prosesin həm siyasi, həm də sosial-iqtisadi baxımdan mahiyyətini aydın şəkildə göstərir.
Kəlbəcərə qayıdış tarixi ədalətin bərpasıdlr. Kəlbəcərin strateji əhəmiyyəti ölkəmiz üçün çox böyükdür.

Prezident İlham Əliyevin çıxışında qeyd etdiyi kimi, 1993-cü ilin aprelində Kəlbəcərin işğalı Azərbaycan üçün həm böyük faciə, həm də strateji itki idi. Bu işğal Ermənistanla ovaxtkı “Dağlıq Qarabağ” arasında coğrafi bağlantı yaratmış, Azərbaycanın digər ərazilərinin də işğalına şərait hazırlamışdı. Təəssüf ki, o dövrün yerində olmayan rəhbərliyi gözəlliklər duyarını qoruya bilməmiş, nəticədə xalqımız illərlə didərgin həyatı yaşamalı olmuşdu.
Şükürlər olsun ki, illər sonra xəcalət təri Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Şanlı Ordumuzun rəşadəti sayəsində silindi.
2020-ci ildə başlayan Vətən müharibəsində Azərbaycan xalqı öz rəhbərinin və ordusunun ətrafında bir yumruq kimi birləşərək düşməni məğlub etdi. Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur edildi və Kəlbəcər bir güllə atılmadan, qan tökülmədən geri qaytarıldı. Prezident İlham Əliyevin vurğuladığı kimi, bu, həm ordumuzun gücünün, həm də xalqımızın iradəsinin nəticəsi idi. Ölkə rəhbəri təvəzökarlıq göstərərək qeyd etməsə də, hər kəs bilir ki, çətin relyefli Kəlbəcərin qan tökülmədən, döyüşsüz geri alınması Prezident İlham Əliyevin apardığı peşəkar diplomatik danışıqların nəticəsidir.
Dövlət başçısının Kəlbəcərə ardıcıl səfərləri bu torpaqlarda həyata keçirilən genişmiqyaslı quruculuq işlərinin bariz nümunəsidir. 2021-ci ildən başlayaraq Prezident İlham Əliyev Kəlbəcərdə tunellərin, yolların, su elektrik stansiyalarının, sosial obyektlərin, məktəblərin, yaşayış komplekslərinin təməllərini qoyub, açılışlarını edib.

2025-ci ilin avqust səfərində də yeni mərhələ başlandı: Kəlbəcərin Aşağı Vəng, Nadirxanlı və Çaykənd kiçik su elektrik stansiyaları istifadəyə verildi; şəhərdə yeni yaşayış komplekslərinin təməlləri qoyuldu, sakinlər mənzillərlə təmin edildi; “Balland-Kəlbəcər” brendi ilə bal və arıçılıq məhsulları mağazası açıldı və şəhər parkının təməli qoyularaq sosial həyatın canlanmasına zəmin yaradıldı.

Bütün bunlar dövlətimizin Böyük Qayıdış proqramının ardıcıl icrasının göstəricisidir.
Sülh və təhlükəsizlik siyasətinin təminatı bəhrəsini verir. Artıq Kəlbəcər müasir şəhər infrastrukturu ilə dünyanın ən gözəl yaşayış məkanlarından birinə çevrilməkdədir.
Prezident İlham Əliyev çıxışında bir daha vurğuladı ki, Azərbaycan heç vaxt işğal faktı ilə barışmayıb və öz gücünə Qələbə əldə edib. Eyni zamanda, bu gün ölkəmiz bölgədə sülhün əsas təminatçısına çevrilib. Ermənistanla imzalanmış sülh sazişi Azərbaycanın mövqeyini tam əks etdirir və yeni reallıqlar artıq beynəlxalq müstəvidə də qəbul olunub.

Azərbaycan Silahlı Qüvvələrinin gücləndirilməsi, müasir silahların alınması və yeni hərbi hissələrin yaradılması isə dövlətimizin hər an təhlükəsizliyi təmin etmək iradəsini göstərir. Prezidentin dediyi kimi, biz sülh istəyirik, amma eyni zamanda “dəmir yumruq” həmişə yerindədir.

Ermənilər işğal dövründə Kəlbəcərdə bir dənə də salamat bina qoymamış, bütün kəndləri viran etmiş, təbiətə və mədəni irsə ağır zərbələr vurmuşdular. Lakin bu gün Azərbaycan dövləti həmin yerlərdə yeni şəhərlər, yollar, məktəblər, zavodlar inşa edir. Bu, təkcə fiziki quruculuq deyil, həm də mənəvi qələbədir.

Prezident İlham Əliyevin Kəlbəcərdə sakinlərlə görüşdə vurğuladığı kimi, Azərbaycan xalqı böyüklüyünü bir daha göstərdi: biz düşməndən qisası döyüş meydanında aldıq, amma onların etdiklərini onlara etmədik. Bu, dövlətimizin ləyaqətli siyasətinin təzahürüdür.

Kəlbəcərə qayıdış Azərbaycanın həm tarixi ədaləti bərpa etməsi, həm də müasir dövlətçilik gücünü nümayiş etdirməsidir. Burada görülən işlər təkcə bir rayonun deyil, bütövlükdə ölkənin inkişaf konsepsiyasını göstərir: güclü dövlət, güclü ordu, sosial rifah, iqtisadi potensial və milli birliyin möhkəmlənməsi.

Bu gün Kəlbəcər həm Zəfərin, həm də quruculuğun rəmzinə çevrilib. Prezident İlham Əliyevin dediyi kimi, “Onlar dağıtdılar, biz isə qurub-yaratdıq”. Azərbaycan bundan sonra da qalib xalq və qalib dövlət kimi yoluna davam edəcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki