image-reklam-veteninfo
image-6backend

“Kənd İnn” aqroturizm müəssisəsində kənd həyatına səyahət baş tutdu -FOTOLAR

image-reklam-veteninfo

“Millennium Turizm” şirkətlər qrupunun təşəbbüsü, Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının və “Skal International Baku” klubunun rəsmi dəstəyi ilə “Millennium Turizm” şirkətlər qrupunun incoming (gəlmə) turizm departamentinin əməkdaşları üçün Quba bölgəsinə infotur təşkil edilib.

İnfotur çərçivəsində iştirakçıların Qubanın 2-ci Nügədi kəndində yerləşən “Kənd İnn” aqroturizm müəssisəsinə səfəri xüsusilə maraqla qarşılanıb. Kənd həyatının ab-havası müəssisənin lap girişindən hiss olunur. Qonaqları ötən əsrin 70–80-ci illərinə xas kənd marşrutu olan “Alabaş” avtobusu qarşılayır və bu nostalji detal ilk andan xoş təəssürat yaradır.

“Kənd İnn” ərazisinə daxil olduqda diqqəti cəlb edən əsas məkanlardan biri müxtəlif növ atların saxlandığı tövlədir. Bələdçinin verdiyi məlumata görə, burada Qarabağ, İngilis və yerli cins atlar saxlanılır. Bu atların bir qismi müxtəlif yarışlarda iştirak edir, bəziləri isə dünyanın fərqli ölkələrində keçirilən yarışların qalibi olub.

Müəssisədə demək olar ki, bütün ev heyvanları mövcuddur. Turistlər onlarla yaxından tanış olur, şəkillər çəkdirir və kənd həyatının gündəlik ritmini hiss edirlər. “Kənd İnn”in ən maraqlı sakinlərindən biri isə Müjdə adlı uzunqulaqdır. Onun üzərindəki “Əgər hələ subaysınızsa, bəxtinizin açarı məndədir” mesajı qonaqların üzündə təbəssüm yaradır və səfərə xüsusi rəng qatır.

Müəssisənin rəhbəri Vüsal Şərifli qonaqlara məlumat verərək bildirib ki, “Kənd İnn”in 30 hektar ərazisində alma, armud, gilas, şaftalı, nektarin və gavalı bağları salınıb. Bundan əlavə, müxtəlif növ tərəvəzlər və bostan bitkiləri yetişdirilir. Onun sözlərinə görə, turistlər öz istəklərinə uyğun olaraq meyvələri birbaşa bağdan toplaya, arzu edənlər isə yaxınlıqdakı piknik sahəsində bostandan təzə-təzə tərəvəzlər yığıb yemək hazırlaya bilirlər. Bunun üçün bütün lazımi şərait yaradılıb.

Bir sözlə, təbiətin qoynunda yerləşən bu kiçik kənd modeli şəhər səs-küyündən uzaqlaşmaq, dinclik və hüzur tapmaq, ailə ilə keyfiyyətli vaxt keçirmək üçün ideal məkandır. Qubada aqroturizmin real nümunəsi olan “Kənd İnn” infotur iştirakçılarında xoş təəssüratlarla yadda qalıb.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki