15 noyabr 1983-cü ildə elan edilən Şimali Kipr Türk Cümhuriyyəti 43 ildir beynəlxalq səviyyədə tanınmaq uğrunda mübarizə aparır. Türkiyənin dəstəyi ilə qurulan dövlət Türk Dövlətləri Təşkilatında müşahidəçi statusuna malikdir.
Bu gün Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) yaranmasının 43-cü ildönümüdür. 1983-cü il noyabrın 15-də qurucu prezident Rauf Denktaşın elan etdiyi müstəqillik qərarı Kipr türklərinin onilliklər boyu davam edən siyasi və milli mübarizəsinin mühüm mərhələsi oldu.
Kipr türklərinin öz müqəddəratını təyin etmək və adada siyasi varlığını qorumaq uğrunda mübarizəsi isə daha əvvəl başlamışdı.
1960-cı ildə beynəlxalq müqavilələr əsasında Kipr Respublikası yaradıldı. Yeni dövlət adada yaşayan türk və yunan icmalarının siyasi tərəfdaşlığı prinsipi üzərində qurulmuşdu.
Lakin 1963-cü ildən etibarən icmalar arasında münasibətlər kəskinləşdi. Yunan silahlı qruplaşmalarının hücumları nəticəsində kiprli türklər dövlət idarəçiliyindən kənarlaşdırıldı və təhlükəsizlik problemləri ilə üzləşdilər.
1967-ci ildə Yunanıstanda hərbi xuntanın hakimiyyətə gəlməsindən sonra adadakı vəziyyət daha da gərginləşdi. Həmin dövrdə Kipr türkləri özünüidarəetmə strukturları yaratmağa başladılar.
1967-ci il dekabrın 29-da Kiprin Müvəqqəti Türk Administrasiyası yaradıldı. Sonradan bu qurum Kipr Türk Administrasiyasına, 1974-cü ildə isə Muxtar Türk Administrasiyasına çevrildi.
1974-cü il iyulun 15-də Yunanıstandakı hərbi xuntanın dəstəyi ilə Nikos Sampsonun rəhbərliyində çevriliş həyata keçirildi və prezident Makarios hakimiyyətdən uzaqlaşdırıldı. Çevrilişin əsas məqsədlərindən biri adanın Yunanıstana birləşdirilməsi – Enosis ideyasını həyata keçirmək idi.
Hadisələrdən sonra Türkiyə hökuməti Kiprdəki vəziyyəti müzakirə etmək üçün hərəkətə keçdi. Baş nazir Bülənt Ecevit və baş nazirin müavini Nəcməddin Ərbakanın rəhbərlik etdiyi hökumət hərbi müdaxilə qərarı verdi.
1974-cü il iyulun 20-də Türkiyə Silahlı Qüvvələri Kiprdə hərbi əməliyyata başladı. Türkiyə bu addımı 1960-cı il Zəmanət müqaviləsindən irəli gələn hüquqları ilə əsaslandırdı.
Əməliyyat nəticəsində adanın Yunanıstanla birləşdirilməsi planının qarşısı alındı və Kipr türklərinin təhlükəsizliyinin təmin olunması istiqamətində yeni mərhələ başlandı.
1975-ci il fevralın 13-də Kipr Türk Federativ Dövləti yaradıldı. Həmin ilin avqustunda BMT-nin vasitəçiliyi ilə əldə olunan razılaşma əsasında əhali mübadiləsi həyata keçirildi. Təxminən 120 min kiprli yunan şimaldan cənuba, 65 min kiprli türk isə cənubdan şimala köçdü.
Kipr türklərinin dövlətçilik istiqamətində mübarizəsinin ən mühüm mərhələsi 1983-cü il noyabrın 15-də baş verdi.
Həmin gün Kipr Türk Federativ Məclisi fövqəladə iclas keçirərək Şimali Kipr Türk Cümhuriyyətinin yaradılmasını və müstəqilliyinin elan olunmasını yekdilliklə qəbul etdi.
Federasiyanın prezidenti Rauf Denktaş yeni dövlətin qurucu prezidenti oldu. O, parlament qarşısında toplaşan insanlara müraciətində mübarizənin hələ başa çatmadığını vurğulayaraq Şimali Kiprin türk övladlarının dövlətçilik baxımından böyük bir tarixi mərhələyə qədəm qoyduğunu bildirdi.
Müstəqilliyini elan etməsinə baxmayaraq, Şimali Kipr Türk Cümhuriyyəti beynəlxalq səviyyədə geniş tanınma əldə edə bilməyib. Bu günədək onu müstəqil dövlət kimi yalnız Türkiyə tanıyır.
Kipr probleminin həlli üçün 1968-ci ildən başlayaraq BMT-nin vasitəçiliyi ilə çoxsaylı danışıqlar aparılıb. 1977 və 1979-cu illərdə tərəflər arasında federal dövlətin yaradılmasını nəzərdə tutan razılaşmalar əldə olunsa da, proses nəticəsiz qalıb.
2002-ci ildə BMT-nin baş katibi Kofi Annanın təqdim etdiyi həll planı 2004-cü il aprelin 24-də hər iki icmada referenduma çıxarıldı.
Referendumda kiprli türklərin 64,91 faizi plana dəstək versə də, kiprli yunanların 75,83 faizi təklifə qarşı çıxdı. Nəticədə plan həyata keçirilmədi.
Buna baxmayaraq, 2004-cü il mayın 1-də adanın cənubunda fəaliyyət göstərən Kipr Respublikası Avropa İttifaqına üzv qəbul edildi.
2017-ci ildə İsveçrənin Krans-Montana şəhərində keçirilən danışıqlar da tərəflərin təhlükəsizlik və zəmanət məsələlərində razılığa gələ bilməməsi səbəbindən uğursuzluqla nəticələndi.
Şimali Kipr Türk Cümhuriyyətinin beynəlxalq mövqeyinin gücləndirilməsi istiqamətində mühüm hadisələrdən biri 2022-ci ildə baş verdi.
Həmin il Özbəkistanın Səmərqənd şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının dövlət başçılarının IX Zirvə görüşündə ŞKTC təşkilata müşahidəçi üzv qəbul edildi. Bu, respublikanın öz adı ilə beynəlxalq təşkilata qəbul edilməsi baxımından əhəmiyyətli hadisə idi.
2025-ci ilin oktyabrında keçirilən prezident seçkilərində Tufan Ərhürman Şimali Kipr Türk Cümhuriyyətinin prezidenti seçildi.
Türkiyə isə respublikanın beynəlxalq səviyyədə tanınması məsələsini diplomatik gündəmdə saxlamaqda davam edir. Prezident Rəcəb Tayyib Ərdoğan müxtəlif beynəlxalq platformalarda Şimali Kipr Türk Cümhuriyyətinin tanınmasına və kiprli türklərə qarşı tətbiq olunan təcrid tədbirlərinin aradan qaldırılmasına çağırışlar edir.
Bu gün Şimali Kipr Türk Cümhuriyyəti 43 illik dövlətçilik tarixini qeyd edir. Beynəlxalq tanınma problemi və Kipr məsələsinin həll olunmaması qarşıda ciddi siyasi və diplomatik çağırışlar saxlasa da, respublika öz dövlət institutları və idarəçilik sistemi ilə fəaliyyətini davam etdirir.
Kipr türklərinin onilliklər boyu davam edən mübarizəsi, 1983-cü ildə müstəqilliyin elan edilməsi və Türk Dövlətləri Təşkilatında müşahidəçi statusunun əldə olunması Şimali Kiprin müasir tarixinin əsas mərhələlərini təşkil edir.


























