Rusiya Silahlı Qüvvələrinin Ukraynanın paytaxtı Kiyev şəhərinə endirdiyi raket zərbəsi nəticəsində azı 10 nəfər həlak olub, 48 nəfər yaralanıb. Hadisə yerində xilasetmə və axtarış işləri davam edir. Vətəninfo.az xəbər verir ki, bu barədə Ukraynanın Daxili İşlər Naziri İqor Klimenko məlumat verib.
Nazirin sözlərinə görə, dağıntılar altından üç nəfər sağ çıxarılıb, lakin hələ də bir neçə nəfərin orada qalması ehtimal edilir. Cəsədlərin fraqmentləri də tapılıb, onların şəxsiyyətinin müəyyənləşdirilməsi çətinlik yaradır.
“Dövlət Fövqəladə Hallar Xidmətinin yeni yaradılmış xüsusi mobil bölməsi — “Delta” hazırda qəza bölgəsində çalışır. Dağıntılar altında insanların olması ehtimalı yüksək olaraq qalır”, — Klimenko Telegram kanalında bildirib.
Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin sözçüsü Svetlana Vodolaqanın sözlərinə görə, çoxmərtəbəli binanın qalıqları altında hələ də 9 nəfərin qala biləcəyi ehtimal olunur. Lakin onların hücum zamanı mənzillərində olub-olmadığı hələlik dəqiqləşdirilməyib.
Hadisə yerində təxminən 500 xilasedici və 1000 polis əməkdaşı çalışır. Əraziyə alpinistlər, mühəndislər, psixoloqlar, it baxıcıları və müasir yanğın-xilasetmə texnikası cəlb olunub. Əlavə olaraq, dağıntıların daha tez təmizlənməsi üçün robot avadanlıqlardan istifadə edilir.
Daxili İşlər Nazirliyi 60-dan çox istintaq-əməliyyat qrupunun artıq fəaliyyət göstərdiyini, onlar tərəfindən vətəndaşların ifadələrinin toplandığını və hücumun nəticələrinin sənədləşdirildiyini bildirib.
Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenko isə hücumla bağlı son statistik məlumatları açıqlayıb: ölənlərin sayı 10-a çatıb, 48 nəfər isə yaralanıb.