Gürcüstanın Baş naziri İrakli Kobaxidze keçmiş prezident Mixail Saakaşvilinin 2008-ci ildə apardığı siyasətin ölkənin milli maraqlarına ağır zərbə vurduğunu bildirib. Vətəninfo.az xəbər verir ki, Baş nazir bu fikirləri 2008-ci il avqust müharibəsinin ildönümü ilə bağlı keçirilən tədbirdə jurnalistlərə açıqlamasında səsləndirib.
“Bu gün biz o dövrdə imzalanmış bütün sənədləri yada salmalıyıq. Bu sənədlər Saakaşvili rejiminin müharibəyə başladığını və bunun ölkəmizə böyük ziyan vurduğunu sübut edir. Bu, açıq şəkildə vətənə xəyanət idi,” – deyə Kobaxidze vurğulayıb.
Baş nazir əlavə edib ki, Avropa Şurasının müvafiq qətnamələri və beynəlxalq istintaq komissiyasının rəhbəri Haydi Taqliavinin hesabatı da bu faktları təsdiqləyir. Kobaxidzenin sözlərinə görə, 2008-ci il avqustun 7-də Gürcüstan Silahlı Qüvvələri Tsxinvaliyə artilleriya zərbələri endirib.
“Avropa Şurasının qətnaməsində qeyd olunur ki, eskalasiya mövcud idi. Lakin Saakaşvili rejiminin Tsxinvaliyə qarşı hücumu bu gərginliyi genişmiqyaslı müharibəyə çevirdi. Avqustun 8-də səhər tezdən o zamankı hakimiyyət qürurla bəyan edirdi ki, onlar kəndləri və yaşayış məntəqələrini ələ keçirirlər, Tsxinvalıya doğru irəliləyirlər. Bu, faciəvi nəticələrə gətirib çıxardı,” – deyə baş nazir əlavə edib.
Kobaxidzenin sözlərinə görə, Saakaşvilinin rəhbərlik etdiyi partiya “kobud şəkildə xəyanətə yol verib” və nəticədə 400-dən çox insan həlak olub.