Ağstafa RİH başçısı Seymur Orucov rayonun sərhəd yaşayış məntəqələrindən olan Köhnəqışlaq kəndində vətəndaşların növbəti səyyar qəbulunu keçirib. Müvafiq qrafikə uyğun olaraq Köhnəqışlaq kənd tam orta məktəbin binasında təşkil olunan qəbulda rayonun hüquq-mühafizə strukturlarının rəhbərləri, RİH başçısı aparatının və aidiyyəti təşkilatların məsul şəxsləri, yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.
RİH başçısı çıxışında ölkəmizin tərəqqisi naminə Prezident İlham Əliyevin yürütdüyü uğurlu daxili və xarici siyasətdən, Ağstafa rayonunda icra olunan abadlıq-quruculuq tədbirlərindən söz açaraq qeyd edib ki, mütəmadi olaraq yerlərdə keçirilən görüşlərin məqsədi əhalinin sosial rifah halının yaxşılaşdırılmasına, vətəndaş məmnunluğunun artırılmasına xidmət edir.
Qəbulda vətəndaşların qaldırdıqları məsələlər qeydiyyata alınaraq nəzarətə götürülüb. İrəli sürülən təklif və müraciətlərə dair müzakirələr aparılıb, hər bir məsələnin həlli tədbiri müəyyən edilib.