Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilmiş torpaqlarımızda təhsilin inkişafı ilə bağlı görülən tədbirlərin xüsusi əhəmiyyəti nəzərə alınaraq cari il oktyabrın 14-18-də Konstitusiya Məhkəməsi Elm və Təhsil, Gənclər və İdman nazirlikləri ilə birlikdə Xankəndi şəhərində yerləşən Qarabağ Universitetinin tələbələri, habelə Xankəndi və Şuşa şəhərləri, Füzuli, Laçın, Zəngilan və Xocalı rayonlarının orta təhsil müəssisələrinin yuxarı sinif şagirdləri arasında “Zəfər çalmış dövlətin Əsas Qanunu” mövzusunda Hüquq olimpiadası keçirib.
Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən Vətəninfo.az-a bildirilib ki, Hüquq olimpiadası Konstitusiya Günü münasibətilə təşkil olunub.
Qaliblərin mükafatlandırılma tədbirində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, sonra şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Konstitusiya Məhkəməsi Aparatının şöbə müdiri Dürdanə Məmmədova Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevin olimpiada iştirakçılarına təbrik müraciətini çatdırıb.
Daha sonra olimpiada haqqında məlumat verilərək Konstitusiya Məhkəməsi tərəfindən gənclər arasında konstitusion dəyərlərin təbliği məqsədilə ənənəvi olaraq olimpiadaların təşkil olunması, maarifləndirmə işlərinin aparıldığı qeyd edilib.
Tədbirdə çıxış edən Qarabağ Universitetinin rektoru Şahin Bayramov əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan hüquqi dövlət quruculuğu və gənclərin hüquqi dünya görüşlərinin artırılmasının vacibliyini vurğulayıb.
Yekunda 70 nəfər fərqləndirilərək Konstitusiya Məhkəməsinin diplomları və müxtəlif hədiyyələrlə təltif olunub.