Alimlər yüzlərlə tarixi portreti araşdıraraq üç əsr ərzində qadın gözəlliyi ilə bağlı estetik təsəvvürlərin necə dəyişdiyini üzə çıxarıblar. Araşdırmanın nəticələri göstərib ki, incə bel və daha az nəzərə çarpan bədən əyrilərinə üstünlük müasir medianın yaranmasından xeyli əvvəl formalaşıb.
Vətəninfo.az xəbər verir ki, bu barədə “Proceedings of the Royal Society B: Biological Sciences” elmi jurnalında dərc olunan araşdırmada məlumat verilib.
Britaniyanın Northumbria Universitetindən Jeanne Beauvais-in rəhbərlik etdiyi tədqiqat qrupu 1650–1950-ci illər arasında çəkilmiş 600-dən çox varlı qadın portretini təhlil edib. Araşdırmaya 1500-dən artıq iştirakçı cəlb olunub. Onlar 486 rəsm əsərində təsvir edilən qadınların bədən quruluşunu, cəlbediciliyini və təxmini yaşını qiymətləndiriblər.
Tədqiqat zamanı iştirakçılara çəki və bel-omba nisbətinə görə fərqlənən doqquz müxtəlif qadın silueti təqdim edilib. Onlardan portretlərdəki qadınların bədən quruluşuna ən uyğun variantı seçmək tələb olunub. Daha sonra alimlər əldə edilən nəticələri müqayisə edərək üç əsr ərzində gözəllik anlayışında baş verən dəyişiklikləri araşdırıblar.
Araşdırmanın ən diqqətçəkən nəticəsi ondan ibarət olub ki, zaman keçdikcə qadınlar portretlərdə daha az nəzərə çarpan bədən əyriləri və bel ilə omba arasında daha kiçik fərqlə təsvir edilməyə başlayıblar. Maraqlıdır ki, bu tendensiya qadınların ehtimal olunan yaşı və çəkisi nəzərə alındıqdan sonra da dəyişməyib.
Bununla yanaşı, sonrakı dövrlərə aid portretlərdəki qadınlar iştirakçılar tərəfindən daha az cəlbedici hesab edilib. Lakin alimlər bu fərqin əsasən təsvir olunan qadınların daha yaşlı görünməsi ilə əlaqəli olduğunu müəyyənləşdiriblər.
Tədqiqatçılar başqa bir maraqlı məqamı da üzə çıxarıblar: 300 il ərzində qadınların portretlərdəki ehtimal olunan çəkisində ciddi dəyişiklik müşahidə edilməyib. Bu isə daha az nəzərə çarpan bədən əyrilərinin mütləq şəkildə daha arıq görünüşə üstünlük verilməsi demək olmadığını göstərir.
Alimlər xüsusi olaraq vurğulayırlar ki, araşdırma real qadın bədənlərinin tarixən necə dəyişdiyini deyil, onların incəsənət əsərlərində necə təqdim olunduğunu əks etdirir. Çünki portretlərdəki görünüşə dövrün geyim dəbi, korsetlər, rəssamların üslubu, bədən quruluşunu göstərən pozalar və estetik baxışlar təsir edə bilər.
Tədqiqat müəlliflərinin fikrincə, onların əsas məqsədi təsvirlərin yaradılmasında istifadə olunan vasitələrdən asılı olmayaraq, tamaşaçıya ötürülən gözəllik anlayışını müəyyənləşdirməkdir.
Araşdırma göstərir ki, qadın gözəlliyi ilə bağlı cəmiyyətin təsəvvürləri yalnız kino, moda jurnalları və sosial şəbəkələrin meydana çıxması ilə formalaşmayıb. Bu estetik meyarların kökləri əsrlər əvvələ gedib çıxır. Tarixi rəsm əsərləri isə müasir media dövründən çox əvvəl insanların gözəllik anlayışının necə dəyişdiyini öyrənmək üçün mühüm mənbə rolunu oynayır.


























