Kosovonun şimalında etnik serb yaraqlıları ilə polis arasında atışmadan sonra Serbiya və Kosovo bir-birini ittiham edib. Hadisə nəticəsində 4 nəfər ölüb. Bu barədə Vətəninfo.az BBC nəşrinə istinadən xəbər verir .
Sentyabrın 24-də 30-a yaxın silahlı Serbiya sərhədi yaxınlığındakı Banska kəndində Serb Pravoslav Kilsəsinin qarşısında barrikada qurub. Kosovo polisi kilsəni mühasirəyə alıb. Atışma zamanı 1 kosovalı polis və 3 serb yaraqlı öldürülüb.
Kosovonun daxili işlər nazirinin sözlərinə görə, atışmadan sonra polis ərazini nəzarətə götürə bilib. 6 yaraqlı həbs edilib, külli miqdarda silah-sursat müsadirə edilib. Çox güman ki, digər silahlılar monastırın ərazisini tərk ediblər.
Kosovonun baş naziri Albin Kurti hadisəyə görə Serbiya hakimiyyətini günahlandıraraq, “terror aktını” həyata keçirən yaraqlıların Belqrad tərəfindən himayə və qızışdırıldığını deyib.
Öz növbəsində, Serbiya prezidenti Aleksandr Vuçiç sentyabrın 24-ü axşam saatlarında videomüraciətində Kosovalı polisin öldürülməsini pisləyib. Eyni zamanda o, hadisənin günahkarının Albin Kurti olduğunu, çünki monastırdakı insidentdən əvvəl Kosovonun şimalındakı etnik serblərin aylarla “təxribatlara məruz qaldığını” bildirib.
May ayında keçirilən yerli özünüidarə seçkilərindən sonra Kosovonun şimalında vəziyyət gərgindir. Serblərin seçkiləri boykot etməsindən sonra əsasən serblərin yaşadığı ərazilərə Kosovalı liderlər təyin edilib. Gərginliyə nəzarət etmək üçün NATO seçkilərdən sonra Zveçan şəhərinə əlavə 700 əsgər yerləşdirib. Tərəflər arasında baş verən qarşıdurmalar zamanı 30-a yaxın NATO sülhməramlısı və 50 serb nümayişçi yaralanıb.