Kreml rəhbərliyi avqustun 27-də Avropa ölkələrinin Ukraynaya sülhməramlı hərbi qüvvə göndərməsinə qarşı olduğunu açıqlayıb və Vladimir Putinlə Volodimir Zelenski arasında yaxın vaxtlarda zirvə keçirilməsi fikrini rədd edib.
Vətəninfo.az xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskovdan, Rusiya–Ukrayna münaqişəsini sona çatdırmaq üçün mümkün razılaşmaya Avropa sülhməramlılarının Ukraynada yerləşdirilməsi maddəsinin salınması ilə bağlı rəsmi Moskvanın mövqeyi soruşulub. D.Peskov isə cavabında deyib: “Biz bu cür müzakirələri mənfi qiymətləndiririk.”
D.Peskov əlavə edib ki, Rusiyanın NATO ölkələrinin Ukraynada hərbi mövcudluğuna imkan verməmək arzusu 2022-ci ilin fevralında başladılan hərbi əməliyyatın əsas səbəblərindən biri olub.
Qeyd edək ki, Ukrayna gələcəkdə Rusiyanın mümkün hücumlarından qorunmaq üçün Qərbin dəstəklədiyi təhlükəsizlik zəmanətləri tələb edir, Moskva rəhbərliyi isə rəsmi Kiyevdən ölkənin şərqində əlavə ərazi güzəştləri gözləyir.
Kremlin sözçüsü həmçinin qeyd edib ki, Ukrayna üçün təhlükəsizlik zəmanətləri danışıqların ən mühüm başlıqlarından biridir. O, əlavə olaraq rəsmi Moskvanın bu zəmanətlərin məzmununu ictimaiyyət qarşısında açıq müzakirə etməyəcəyini vurğulayıb.
Kreml bununla yanaşı, prezident V.Putinlə onun ukraynalı həmkarı V.Zelenski arasında yaxın zamanlarda zirvə keçirilməsi ideyasına da qarşı çıxdığını açıqlayıb.
D.Peskov AFP nümayəndəsinin də iştirak etdiyi mətbuat konfransında deyib: “Hər hansı yüksək səviyyəli təmasın effektiv ola bilməsi üçün yaxşı hazırlanması vacibdir.”
Onun sözlərinə görə, Rusiya və Ukrayna danışıqlar qruplarının nümayəndələri əlaqə saxlayırlar, lakin növbəti görüş üçün hələlik konkret tarix müəyyən edilməyib.