Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov Ukraynadakı “böhran”ın sülh yolu ilə həllinin Rusiya üçün prioritet olaraq qaldığını bildirib. O, 2022-ci ildə keçirilmiş danışıqları xatırladaraq, davamlı sülh üçün irəli sürdükləri əsas şərtləri açıqlayıb.
Vətəninfo.az xəbər verir ki, Lavrov bu barədə İndoneziyanın “Kompas” nəşrinə verdiyi müsahibədə danışıb.
“Danışıqlar bərpa olunub”
Lavrov qeyd edib ki, Rusiya “Donbas əhalisini xilas etmək üçün xüsusi hərbi əməliyyata” başladıqdan sonra, Kiyev danışıqlar üçün müraciət edib və Moskva bu təklifi dərhal qəbul edib.
“Danışıqlar 2022-ci ilin fevral-aprel aylarında əvvəlcə Belarusda, sonra isə Türkiyədə baş tutdu. Sülhə dair razılaşmalar paraflanmışdı, lakin Kiyev rejimi Qərb kuratorlarının tövsiyəsi ilə bu sənədi imzalamaqdan imtina etdi və müharibəni davam etdirməyi seçdi”, – deyə Lavrov bildirib.
Onun sözlərinə görə, bu ilin yazında Rusiya prezidenti Vladimir Putinin təşəbbüsü ilə Moskva ilə Kiyev arasında birbaşa danışıqlar yenidən başlayıb. Tərəflər münaqişənin dayandırılması üçün öz şərtlərini irəli sürüb və nümayəndə heyətlərinin rəhbərləri birbaşa əlaqə saxlayır. Lavrov əlavə edib ki, “danışıqların davam etdiriləcəyinə ümid edirik”.
Sülh üçün əsas şərtlər
Lavrov vurğulayıb ki, davamlı sülh yalnız “münaqişənin səbəbləri” aradan qaldırıldıqda mümkündür. Onun sözlərinə görə, bu səbəblərə NATO-nun genişlənməsi və Ukraynanın bu alyansa “cəlb olunması cəhdləri” fonunda Rusiyanın təhlükəsizliyinə yaranan təhdidlər daxildir.
“Bu təhdidlər aradan qaldırılmalıdır. Rusiya və Ukraynanın təhlükəsizliyi üçün yeni təminat sistemi yaradılmalı və bu sistem Avrasiya məkanında bərabər və bölünməz təhlükəsizlik arxitekturasının tərkib hissəsi olmalıdır”, – deyə Lavrov bildirib.
“Yeni reallıqlar” və Ukraynanın statusu
Lavrov bildirib ki, Rusiya Federasiyasına daxil edilmiş ərazilər – Krım, Sevastopol, “DXR”, “LXR”, Zaporojye və Xerson vilayətləri – əsasında yaranmış yeni “ərazi reallıqları” beynəlxalq hüquqla tanınmalı və rəsmiləşdirilməlidir.
O, həmçinin Ukraynanın neytral, bloklara qoşulmayan və nüvəsiz statusa malik olması vacibliyini qeyd edib. Lavrov xatırladıb ki, bu tələblər Ukraynanın 1990-cı il Müstəqillik Bəyannaməsində əks olunub və həmin prinsiplər əsasında Rusiya və beynəlxalq ictimaiyyət tərəfindən Ukraynanın dövlət müstəqilliyi tanınıb.
Xatırlatma: Daha əvvəl Rusiya Dövlət Dumasının Müdafiə Komitəsinin üzvü, general Viktor Sobolev “xüsusi hərbi əməliyyatın” davam etdirilməsinin və Ukraynanın yeni ərazilərinin ələ keçirilməsinin vacibliyini bəyan etmişdi.