Sentyabrın 18-də Beyrutda və Livanın digər bölgələrində partlayışların ikinci dalğası nəticəsində azı 20 nəfər həlak olub, 450-dən çox insan yaralanıb. Vətəninfo.az-ın məlumatına görə , bu barədə “The Associated Press” agentliyi məlumat yayıb.
Yeni hücum zamanı radiostansiyalar və günəş stansiyaları partladı. Müxtəlif nəşrlərin yazdığına görə, hücumlar Hizbullah qruplaşmasının üzvlərini hədəf alan İsrail tərəfindən həyata keçirilib, lakin qurbanlar arasında mülki vətəndaşlar, o cümlədən uşaqlar da var. Sentyabrın 17-də peycerlərin partlaması nəticəsində 12 nəfər ölüb, 2800 nəfər yaralanıb.
Yeni partlayışlardan biri Beyrutda ötən gün peycerlərin partlaması nəticəsində həlak olan üç “Hizbullah” üzvü və bir uşağın dəfn mərasimi zamanı baş verib. AP fotoqrafının sözlərinə görə, dənizkənarı Sidon şəhərində avtomobil və mobil telefon mağazası partlayıb. Ölkənin cənubunda isə günəş elektrik stansiyasının partlaması nəticəsində bir qız xəsarət alıb.
İsrail bu partlayışlarla bağlı açıqlama verməyib, lakin ölkənin müdafiə naziri Yoav Qalant sentyabrın 18-də müharibənin yeni mərhələsinin başlanmasından danışıb, həmçinin İsrail ordusu və təhlükəsizlik xidmətlərini tərifləyərək “nəticələr çox təsir edicidir” deyib.