image-1backend

Liviyada nisbi sabitlik formalaşıb

image-reklam_sirab_01

Azərbaycanın Liviyadakı səfirliyi vətəndaş müharibəsinin ən ağır günlərində fəaliyyətini davam etdirib, döyüşlərin getdiyi illərdə 38 Azərbaycan vətəndaşı təxliyyə olunub. Ancaq müharibə şiddətləndikcə Azərbaycan digər ölkələr kimi bu dövlətdə səfirliyinin fəaliyyətini müvəqqəti olaraq dayandırmaq məcburiyyətində qalıb.

Liviyada hakimiyyət dəyişikliyi sülhə gətirib çıxarmadı, müxtəlif qruplaşmalar və qəbilələr arasında toqquşmalar illər uzunu davam etdi. General Hafter üsyan başlatdı, onun ordusu ağır texnikadan istifadə edərək paytaxt Tripoli və ətrafını bombalayırdı.

Türkiyə Hafterə qarşı Liviyada qanuni hakimiyyəti dəstəklədi. Türkiyə Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğan bir müddət əvvəlki çıxışında ölkəsinin Liviyada bu ölkənin qanuni hökuməti olan Tripoli rəhbərliyinin yanında olmağa davam edəcəyini bildirib. “Ölkəmiz Liviyaya ayaq basan kimi üsyançı Hafterin irəliləyişini əsasən dayanmışdı” deyən Ərdoğan Tripoli rəhbərliyini ölkənin hər yerində hakimiyyət qurması üçün dəstəkləyəcəyini vurğulayıb. Liviya hökuməti Aralıq dənizi ilə bağlı Ankara ilə razılaşma əldə edib. Bu razılaşma Türkiyənin mövqeyini Aralıq dənizində daha da gücləndirib.

Liviyada nisbi sabitlik formalaşıb. Bir sıra ölkələr yenidən səfirliklərini Liviyada açırlar. Türkiyə səfirliyi Tripolidəki fəaliyyətini ən ağır günlərdə belə davam etdirib. Beş illik fasilədən sonra Hindistan da Liviyada səfirliyinin fəaliyyətini bərpa edib. Dehli və Tripolu bunu iki ölkə arasında diplomatik münasibətlərin genişləndirilməsi istiqamətində mühüm addım kimi qiymətləndiriblər. Buna qədər Hindistanın Liviyadakı səfirliyi qonşu Tunisdən idarə olunurdu. Hindistanın Liviyada səfirliyinin açılması həm də ölkədəki hind icması üçün müsbət haldır.
Göründüyü kimi, böyük dövlətlər Liviyaya qayıdırlar. Liviya Aralıq dənizinə çıxışı olan zəngin neft ölkəsidir. Liviyada neft istehsalı vətəndaş müharibəsindən əvvəlki duruma gəlib çatmasa da, bu ölkədə sabitlik gücləndirkcə neftin istehsalı artacaq. Əfqanıstanda Taliban hakimiyyəti ələ keçirdikdən sonra bir çox ölkə Kabildə səfirliyini qapatdı. Ancaq sonrakı mərhələdə Əfqanıstanda səfirliklərin bir qismi açılmağa başlandı. Çünki Taliban Əfqanıstanda real gücdür. Azərbaycanın da bu ölkədə səfirliyini fəaliyyətini bərpa etməsi doğru qərar idi.
Azərbaycanın Liviyadakı səfirliyinin də fəaliyyətini bərpasına ehtiyac var. Azərbaycan və Liviya beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək nümayiş etdirirlər. Prezident İlham Əliyev iki il əvvəl Liviyanın Azərbaycanda yeni təyin olunan səfirini qəbul edərkən həm işğal dövründə, həm də işğaldan sonra Ermənistan-Azərbaycan məsələsi ilə bağlı ölkəmizin həmişə Liviyanın dəstəyini gördüyünü vurğulayıb.

Elxan Şahinoğlu

Politolq


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki