Fransa prezidenti Emmanuel Makron hakim partiyanın parlament seçkilərində çoxluğu itirməsindən sonra baş nazir Qabriel Ataldan müvəqqəti olaraq vəzifədə qalmasını istəyib. Vətəninfo.az xəbər verir ki , bu barədə “France24” nəşri məlumat yayıb.
Baş nazir Atal, lazım gələrsə, yeni hökumət qurulana qədər vəzifəsində qalacağını açıqlayıb və iyulun 8-i səhər saatlarında istefa ərizəsini təqdim edib. Bununla belə, Makron Ataldan “ölkənin sabitliyini təmin etmək üçün” hökumətin başçısı vəzifəsində qalmasını istəyib.
Parlament seçkilərinin ikinci turunda ən çox səsi (182 yer) “Yeni Xalq Cəbhəsi” partiyası toplayıb, lakin bu partiya 577 yerlik Milli Məclisdə səs çoxluğu əldə edə bilməyib.
Prezident Emmanuel Makronun mərkəzçi “Birgə” koalisiyası 168 mandatla ikinci, Marin Le Pen və Jordan Bardellanın ifrat sağçı “Milli Birlik” partiyası isə 143 mandatla üçüncü olub.
Fransada siyasi qeyri-müəyyənlik hökm sürür. Parisdə keçiriləcək Olimpiya Oyunlarına qədər ölkə yeni hökumət qurmalıdır.