Fransanın “Yeni Xalq Cəbhəsi” sol alyansının 81 deputatı ölkə prezidenti Emmanuel Makronun istefası ilə bağlı qətnamə imzalayıb. Vətəninfo.az xəbər verir ki, bu barədə sentyabrın 4-də Fransanın Franceinfo radiosu məlumat yayıb.
“Yeni Xalq Cəbhəsi”nin nümayəndələri Makron seçkilərdə qalib gələn koalisiyadan baş nazir təyin etməkdən imtina etdiyi üçün onun istefasını tələb ediblər. “Makronun imtinasının Avropa İttifaqında və ya hökumətin formalaşdırılması probleminin qalib partiyanın üzərinə qoyulduğu heç bir ölkədə tayı-bərabəri yoxdur”, – deputatlar vurğulayıblar.
Fransa parlamentinə iyulun 7-də başa çatan növbədənkənar seçkilərdə “Yeni Xalq Cəbhəsi” sol bloku 577 mandatdan 182-ni əldə edib. İkincisi, hazırda Burbon sarayında 168 yerə sahib olan prezidentin “Birgə Respublika naminə” koalisiyasıdır. Sağçı “Milli Birlik” partiyası “Respublikaçılar” partiyası ilə birlikdə 143 mandat əldə edib. Mütləq çoxluq üçün partiyanın 289 mandatı olmalıdır. Avqustun 26-da Makron “Yeni Xalq Cəbhəsi”nin iqtisadçı Lusi Kastenin baş nazir təyin edilməsi təklifini rədd edib.