MAQATE hələ də ABŞ-ın Fordoya vurduğu zərəri qiymətləndirə bilmir və dərhal nüvə müfəttişlərini İrana göndərməyə hazırdır. Bu barədə agentliyin baş direktoru Rafael Qrossi BMT Təhlükəsizlik Şurasının iclasında videobağlantı vasitəsilə məlumat verib. O bildirib ki, agentliyin mandatına uyğun olaraq, dərhal hadisə yerinə getməyə və nüvə obyektlərinin qorunması və nüvə texnologiyasının bundan sonra da dinc məqsədlərlə istifadəsi üçün hər kəslə danışıqlar aparmağa hazırdır.
“Bizim diplomatiyaya qayıtmaq şansımız hələ də var, əgər bu işə yaramasa, zorakılıq və dağıntılar inanılmaz ölçülərə çata bilər. İran, İsrail və bütün Yaxın Şərqin sülhə ehtiyacı var və buna nail olmaq üçün diplomatik yol var, biz danışıqlar masasına oturmalıyıq və MAQATE müfəttişlərinə dəymiş ziyanın həcmini araşdırmağa icazə verməliyik”, – o deyib.
ABŞ-ın endirdiyi zərbələrdən sonra İsfahan, Fordov və Natanzda dağıntılar qeydə alınıb, lakin obyektlərdən kənarda radiasiyada artım müşahidə edilməyib. Qrossi BMT Təhlükəsizlik Şurasının iclasında deyib: “Silahlı zərbələr edilməməlidir. Bu, radioaktiv materialların buraxılmasına gətirib çıxaracaq ki, bu da həm hücuma məruz qalan dövlətin hüdudları daxilində, həm də onun hüdudlarından kənarda nəticələrə səbəb olacaq. Bu, insan həyatı üçün təhlükə yaradır”. O izah edib ki, uranın zənginləşdirilməsi üzrə əsas qurğunun yerləşdiyi Fordo obyektində kraterlər görünür. ABŞ bu hədəfi vurmaq üçün bunker məhv edən raketlərdən istifadə edib. Natanz yanacaq istehsalı zavodu da vurulub. MAQATE-nin baş direktorunun sözlərinə görə, İsfahan nüvə obyektindəki binalar da vurulub. “Zədələnmiş binalar uranın çevrilməsi ilə əlaqədardır. Bu obyektdə zənginləşdirilmiş materialların saxlanması üçün istifadə edilən tunellərin girişlərinə də zərbə vurulduğu görünür”, – o qeyd edib. Qrossi qeyd edib ki, faktları müəyyən etməyin yeganə yolu MAQATE tərəfindən yerində yoxlamadır. O, izah edib ki, MAQATE müfəttişləri İrandadırlar, lakin onların qiymətləndirmə apara bilmələri üçün hərbi əməliyyatlar dayandırılmalıdır. Xatırladaq ki, ABŞ iyunun 22-nə keçən gecə İranın Natanz, Fordo və İsfahandakı 3 nüvə obyektinə zərbələr endirib. ABŞ prezidenti Donald Trampın sözlərinə görə, zərbənin məqsədi ölkənin nüvə imkanlarını məhdudlaşdırmaq olub. O, bəyan edib ki, Tehran “bu müharibəyə son qoymağa” razılıq verməlidir, əks halda İran daha ciddi nəticələrlə üzləşəcək. İran parlamenti rəsmi Tehranın Fordo nüvə obyektinin hücuma məruz qalacağını gözlədiyini, bu səbəbdən də onu boşaltdığını və obyektə heç bir geri qaytarıla bilməyəcək ziyanın dəymədiyini açıqlayıb. Ölkənin Atom Enerjisi Təşkilatı Tehranın zərbələrdən sonra nüvə sektorunun inkişafını dayandırmaq niyyətində olmadığını vurğulayıb. ABŞ-ın hücumu artıq beynəlxalq aləmdə mənfi reaksiyaya səbəb olub. BMT-nin baş katibi Antonio Quterreş bunu regionda təhlükəli eskalasiya və beynəlxalq sülh və təhlükəsizliyə birbaşa təhdid adlandırıb.
Vətəninfo.az