Fransanın sağçı Milli Birlik (Rassemblement National) partiyasının Parisdə yerləşən qərargahında hüquq-mühafizə orqanları tərəfindən axtarış aparılıb. Əməliyyat Daxili İşlər Nazirliyindən məxfi məlumatların sızması ilə bağlı başladılan istintaq çərçivəsində həyata keçirilib.
Vətəninfo.az xəbər verir ki, bu barədə Fransanın BFMTV telekanalı məlumat yayıb.
Məlumata görə, istintaqçılar Daxili İşlər Nazirliyinə aid məxfi məlumatların partiya nümayəndələrinə ötürülməsi ehtimalını araşdırırlar. Axtarışın da məhz bu iddialarla əlaqədar aparıldığı bildirilir.
Qeyd edək ki, partiyanın əsas siyasi fiqurlarından biri parlament fraksiyasının rəhbəri Marin Le Pendır. O, 2027-ci ildə keçiriləcək Fransa prezident seçkilərində iştirak etmək niyyətindədir.
BFMTV-nin məlumatına görə, ictimai rəy sorğularında Marin Le Pen digər mümkün namizədlərlə müqayisədə ön sıralarda yer alır.
Hələlik axtarışın nəticələri və istintaq çərçivəsində konkret şəxslərə qarşı hər hansı ittihamın irəli sürülüb-sürülmədiyi barədə ətraflı məlumat açıqlanmayıb.


























