image-reklam-veteninfo
image-1backend

Marketlərdə müştərilər endirim adı altında belə aldadılır – Təhlükə ilə bağlı XƏBƏRDARLIQ

image-reklam-veteninfo

Mağazalarda vaxtı keçmiş məhsulların satılması, alıcıya malın çəkisi, qiyməti və keyfiyyəti barədə yanlış məlumat verilməsi istehlakçı hüquqlarının pozulması hesab olunur. Qanunvericiliyə əsasən, belə hallara yol verən fiziki və hüquqi şəxsləri kifayət qədər yüksək məbləğdə cərimələr gözləyir. Fiziki şəxslər 500 manatadək, vəzifəli şəxslər 2 min manatadək, hüquqi şəxslər isə 6 min manatadək cərimələnə bilərlər. Bəs mağazalarda vaxtı keçmiş məhsulların satılması, tərəzidə alıcıların aldadılması və qiymət hesablamalarında saxtakarlıq hallarına görə nəzərdə tutulan cərimələr nə dərəcədə çəkindiricidir? Bu cərimələrin artırılmasına, yoxsa satış obyektlərinə nəzarətin gücləndirilməsinə ehtiyac var?

Mövzu ilə bağlı “AzPolitika”ya danışan qida eksperti İlkin Şirinov bildirib ki, mağazalarda vaxtı keçmiş və ya yararlılıq müddəti bitmək üzrə olan məhsulların satılması, istehlakçıya məhsulun çəkisi, qiyməti və keyfiyyəti barədə yanlış məlumat verilməsi ciddi problemdir:

“Lakin bu məsələyə yalnız marketin məsuliyyəti kimi yanaşmaq da düzgün deyil. Burada istehsalçıdan və distribütordan başlayaraq məhsulun daşınması, anbara daxil olması, marketə təhvil verilməsi, saxlanması və istehlakçıya təqdim edilməsinə qədər bütöv bir təchizat zəncirindən söhbət gedir. Əlbəttə, marketin öz daxilində də ciddi nəzarət olmalıdır. Vaxtı keçmiş məhsulun rəfdə qalması və satışa çıxarılması yolverilməzdir. Market məhsulu qəbul etdiyi andan onun yararlılıq müddətinə, qablaşdırılmasına, saxlanma şəraitinə və digər göstəricilərinə nəzarət etməlidir. Vaxtı keçmiş məhsul aşkarlanırsa, dərhal satışdan çıxarılmalı və istehlakçıya təqdim olunmalıdır. Amma digər tərəfdən, marketə məhsulu təqdim edən istehsalçı və distribütor şirkətlərin məsuliyyəti də ciddi şəkildə qiymətləndirilməlidir. Bəzən yararlılıq müddətinin bitməsinə az qalmış məhsullar başqa, yararlılıq müddəti normal olan məhsullara “bağlama” adı altında birləşdirilərək marketlərə təqdim edilir. Burada söhbət marketin özünün hazırladığı endirimli bağlamalardan getmir. Market öz daxilində məhsulları birləşdirərək kampaniya və endirim edə bilər. Problem distribütorun öz anbarında satış müddəti az qalmış məhsulları digər məhsullarla birlikdə “bağlama” kimi marketə təqdim etməsindən gedir. Belə bağlamalar distribütor üçün məhsul satışını sürətləndirə bilər. Amma marketə əlavə reputasiya qazandırmır. Əksinə, həmin məhsullardan hər hansı birində keyfiyyət problemi yarandıqda istehlakçı distribütor şirkəti deyil, məhsulu aldığı marketi tanıyır və ilk növbədə marketə müraciət edir. Nəticədə distribütor məhsulunu satır, amma market öz müştərisi qarşısında etibar itkisi ilə üzləşir”.

Ekspertin sözlərinə görə, digər ciddi məsələ məhsulların daşınması zamanı temperatur rejiminə əməl edilməməsidir:

“Xüsusilə, toyuq və digər ət məmulatları, kolbasa, süd məhsulları, tortlar, kremli və mayalı şirniyyatlar temperatur rejiminin pozulmasına həssasdır. Məhsul daşınarkən tələb olunan temperatur şəraitinə əməl edilmədikdə onun keyfiyyətində dəyişiklik yarana, xarab olma və sağlamlıq üçün risklər meydana çıxa bilər. Məhsul marketə sağlam vəziyyətdə daxil olsa belə, onun düzgün saxlanılmaması da problem yaradacaq. Anbarlarda və satış sahələrində temperatur və rütubət rejiminin pozulması nəticəsində məhsullarda kiflənmə, xarab olma və digər keyfiyyət dəyişiklikləri baş verə bilər. Xüsusilə şirniyyatlarda, tortlarda, ət və ət məhsullarında belə hallara yol verilməsi istehlakçı üçün ciddi risk yaradır. Bəzən isə istehlakçı məhsulda problemin mənbəyini bilmir. O, məhsulu marketdən aldığı üçün bütün məsuliyyəti onun üzərinə atır. Buna görə də marketlər distribütor şirkətlərə kor-koranə etibar etməməli, məhsul qəbul edilərkən yararlılıq müddətini, qablaşdırmanı, daşınma şəraitini və temperatur rejimini yoxlamalıdır”.
Ətraflı

İlkin Şirinov əlavə edib ki, istehlakçı hüquqlarının pozulmasına görə cərimələrin nəzərdə tutulması vacibdir. Lakin yalnız cərimələrin məbləğini artırmaq problemin həlli deyil:

“Əsas məsələ pozuntuların əvvəlcədən qarşısının alınması və nəzarət mexanizmlərinin işlək olmasıdır. Təkrar və qəsdən törədilən pozuntulara daha sərt yanaşılmalı, xüsusilə istehlakçının sağlamlığı üçün risk yaradan hallarda məsuliyyət mexanizmi daha ciddi tətbiq edilməlidir. Nəzarət yalnız marketin rəfləri ilə məhdudlaşmamalıdır. Məhsulun harada istehsal edildiyi, kim tərəfindən distribusiya olunduğu, necə şəraitdə daşındığı, hansı anbarda saxlandığı və marketə hansı vəziyyətdə təhvil verildiyi də araşdırılmalıdır. Çünki istehlakçı üçün məhsulun arxasında hansı distribütorun dayandığı çox vaxt məlum deyil. O, məhsulu marketdən alır və problem yarananda da onu məsul tutur. Buna görə də market öz nəzarət mexanizmini gücləndirməli, distribütor isə məhsulun keyfiyyətinə vicdanla yanaşmalıdır. Ən vacibi isə budur: ərzaq məhsulunun satışı sadəcə kommersiya fəaliyyəti deyil. Burada insan sağlamlığı məsələsi var. Məhsulun vaxtı, çəkisi, qiyməti, saxlanması və keyfiyyəti ilə bağlı istehlakçının aldadılması yolverilməzdir. Bütün təchizat zəncirinin iştirakçıları öz məsuliyyətini dərk etməli və əsas meyar kimi istehlakçının hüququnu və sağlamlığını götürməlidirlər”.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki