Masallıda vəfat edən şəxsin fermer təsərrüfatının qanunsuz olaraq zəbt edildiyi iddia olunur.
Vətəninfo.az xəbər verir ki, bu barədə “Dogru.az“ın redaksiyasına şikayət daxil olub.
Məlumatda bildirilir ki, 2019-cı ildə vəfat edən Şükürov Rauf Heybət oğluna məxsus, Masallı rayonu Təzəkənd ərazisində yerləşən fermer təsərrüfatı mərhumun qardaşı Şükürov Qulam və qardaşı oğlu Şükürov Loğman tərəfindən qanunsuz olaraq istismar edilib.
Şikayətçi iddia edir ki, sözügedən fermer təsərrüfatının kupçası və digər sənədləri mərhum Rauf Şükürova aiddir. O, fermer təsərrüfatını uzun illər həyat yoldaşı ilə birlikdə əkib-becərərək idarə edib.
İddia olunur ki, Rauf Şükürov vəfat etdikdən sonra mərhum şəxsin qardaşı Şükürov Qulam Heybət oğlu və qardaşı oğlu Şükürov Loğman Vüqar oğlu fermanı mənimsəyiblər.
Onlara qanunsuz hərəkət etdiklərini bildirdikdə isə bildiriblər ki, bu ferma onlarındı, heç kəsin bu sahədə haqqı yoxdur.
“Qardaşım işlədib, amma artıq öldüyü üçün burada sizə çatası bir şey yoxdur” – deyə bu sözləri mərhum Rauf Şükürovun qardaşı Qulam Şükürov deyib.
Şikayətçi əlavə edib ki, onlar bu məsələ ilə əlaqədar dəfələrlə Masallı Rayon Prokurorluğuna, Masallı Rayon Polis Şöbəsinə şikayət etmələrinə baxmayaraq heç bir müsbət nəticə əldə edilməyib.
Redaksiyamıza müraciət edən şəxs iddia edib ki, bu qanunsuzluqlara himayədarlığı Şükürov Loğman Vüqar oğlu edir:
“Deyir ki, gedin nə istəyirsinizsə edin. Bura mənimdir” – deyə şikayətçi əlavə edib.
Şikayətçi onu da deyir ki, bütün bu şikayətlərə baxmayaraq şikayətçinin yaxın qohumu Şükürov İbrahim bir neçə gün öncə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov və Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşlarını fermer təsərrüfatına dəvət edib və oraya gələn rəsmilərə torpaq sahəsinin özünə və Şükürov Qulama məxsus olduğunu bildirib.
Şikayətçi vurğulayıb ki, bu məlumatlar həqiqəti əks etdirmir.
Şikayət edən şəxs qeyd edib ki, onun digər qardaşı Ziya Şükürov uzun illər Rusiya Federasiyasında bizneslə məşğul olub. Özü Azərbaycanda olmadığı üçün vəfat edən atası Şükürov Heybətə vəsait göndərərək Bakının Badamdar qəsəbəsində torpaq sahəsi aldırıb. Daha sonra orada həyət evi tikdirib.
İddiaya görə, Şükürov Heybət Şərif oğlu evi tikdirdikdən sonra Şükürov Loğman Vüqar oğlu həmin evi də mənimsəyərək satıb, bundan sonra qeyri-rəsmi münasibətləri olduğu xanıma “Range Rover” markalı, 88-DV-444 qeydiyyat nişanlı avtomobil, ardınca Masallı rayonunda yerləşən sənaye məhəlləsində 3 otaqlı həyət evi alıb.
“Bununla bağlı da dəfələrlə aidiyyatı qurumlara müraciət edilsə heç bir müsbət cavab almaq mümkün olmayıb” – deyə şikayətçi bildirib.
Şikayətçi sonda daha bir iddia səsləndirərək söyləyib ki, atası vəfat etdikdən sonra onun əmlakları ilə bağlı vərəsəlik açdırıb və hazırda iş Masallı Rayon Məhkəməsindədir.
O iddia edib ki, bu məsələyə də Şükürov Loğman Vüqar oğlu himayədarlıq edir və hakimə təzyiq göstərir. Bu səbəbdən də şikayətçiyə vərəsəlik verilmir.
Şikayətçi fermer təsərrüfatının mərhum Rauf Şükürova məxsus olduğunu sübut edən sənədləri də təqdim edəcəyini bildirib.
Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Şikayətlə əlaqədar Masallı Rayon İcra Hakimiyyətinə sorğu ünvanlanıb.







































