image-reklam-veteninfo
image-1backend

MDU-da “Birbank Fintech” laboratoriyasının açılışı oldu – Fotolar

image-reklam-veteninfo

Mingəçevir Dövlət Universiteti (MDU) ilə “Kapital Bank” arasında Əməkdaşlıq Memorandumu imzalanıb.

Vətəninfo.az xəbər verir ki, Memorandum çərçivəsində bu gün universitetdə “Birbank Fintech” laboratoriyasının açılışı keçirilib.

Tədbirdə MDU-nun rektoru Anar Eminov və “Kapital Bank”ın Mingəçevir filialının müdiri Səbuhi Muxtarov iştirak edib.

Açılış mərasimində yeni laboratoriya ilə tanışlıq olub və tələbələrin maliyyə sahəsində biliklərinin artırılması üçün yaradılan imkanlar yüksək qiymətləndirilib. Əməkdaşlıq çərçivəsində “Kapital Bank” tərəfindən universitetə 20 ədəd noutbuk təqdim olunub.

Anar Eminov bildirib ki, universitetin əsas prioritetlərindən biri tələbələrin gələcək karyeraları üçün praktik bilik və bacarıqlara yiyələnmələridir. O qeyd edib ki, “Kapital Bank”la qurulan əməkdaşlıq məhz bu məqsədə xidmət edir və tələbələrin əmək bazarında daha rəqabətli olmasına imkan yaradacaq. Rektor “Birbank Fintech” laboratoriyasının yaradılmasına, universitetə təqdim olunan texniki dəstəyə və tələbələr üçün təcrübə imkanlarının təmin edilməsinə görə bank nümayəndələrinə təşəkkür edib.

Səbuhi Muxtarov çıxışında vurğulayıb ki, təhsilə dəstək və gənclərdə innovativ bacarıqların formalaşdırılması bankın Korporativ Sosial Məsuliyyət siyasətinin mühüm istiqamətlərdən biridir. O qeyd edib ki, “Birbank Fintech” laboratoriyası MDU tələbələrinin rəqəmsal bankçılıq və maliyyə texnologiyaları sahəsində praktiki biliklər əldə etməsinə xidmət edəcək. Bu əməkdaşlıq region üçün də yeni imkanlar yaradacaq və gənclərin peşəkar inkişafına töhfə verəcək.

Memorandum çərçivəsində MDU-nun tələbələrinin istehsalat təcrübəsini “Kapital Bank”da keçməsi nəzərdə tutulur. Bu addım tələbələrə həm nəzəri biliklərini praktik bacarıqlarla zənginləşdirmək, həm də bank sektorunun real iş mühitini yaxından öyrənmək imkanı yaradacaq.

Qeyd edək ki, yeni açılan “Birbank Fintech” laboratoriyası tələbələrin nəzəri biliklərini praktik bacarıqlarla birləşdirməsinə, innovativ yanaşma və müasir maliyyə texnologiyalarına daha yaxından yiyələnməsinə imkan verəcək. Bu əməkdaşlıq MDU tələbələri üçün sadəcə yeni bir tədris mühiti deyil, həm də gələcək karyeralarına inamla addımlamaq üçün geniş bir platforma olacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki