Azərbaycanın qədim və zəngin mədəniyyət beşiklərindən biri olan Naxçıvanda son illər toy məclislərində və ictimai musiqi mühitində müşahidə olunan bəzi meyllər cəmiyyətdə haqlı olaraq ciddi narahatlıq və müzakirələr doğurur. Xüsusilə Şərurdan tutmuş Ordubadadək geniş bir coğrafiyada yerli toy adətlərimizə və köklü milli musiqi ənənələrimizə yad olan ritmlərin üstünlük təşkil etməsi, mədəni irsimizin qorunması məsələsini yenidən aktuallaşdırır.
Naxçıvan sadəcə coğrafi bir bölgə deyil, Azərbaycanın və bütövlükdə Türk dünyasının strateji, tarixi və mənəvi sütunlarından biridir. Dədə Qorqud ruhunun yaşadığı, Əshabi-Kəhf kimi müqəddəs məkanları qoynunda saxlayan bu torpaq əsrlər boyu türk-oğuz mədəniyyətinin ən saf nümunələrini qoruyub saxlamışdır. Bölgənin folkloru, muğamatımız, aşıq sənəti və el mahnıları məhz bu uca türk kimliyinin səsli imzasıdır.
Tarixi sənədlər və demoqrafik reallıqlar da göstərir ki, Naxçıvan əzəldən türk yurdudur. Bölgə daxilində azsaylı lokal yaşayış məntəqələri istisna olmaqla, Naxçıvanın əsas əhalisi və mədəniyyətinin daşıyıcısı hər zaman azərbaycanlı türklər olmuşdur.
Son dövrlərdə Naxçıvan toy məclislərini izlədikdə təəssüflə müşahidə olunur ki, əsl Naxçıvan el havaları, zəngin milli rəqslərimiz və klassik toy musiqilərimiz kənara atılır, əvəzində isə bölgənin milli kimliyinə heç bir aidiyyəti olmayan, gəlmə ritmlər və musiqi nümunələri meydanı ələ alır. Qeyd etməliyəm ki,bu, sadəcə musiqi zövqünün ucuzlaşmasıdır, yoxsa milli kimliyimizi və mədəniyyətimizi hədəf alan ideoloji bir prosesdir?
Bütün bunlar ondan xəbər verir ki, mədəni deformasiya və bayağılaşma Naxçıvanımızı ağuşuna alıb. Toylar xalqın adət-ənənələrini, estetik zövqünü və mənəvi dəyərlərini nümayiş etdirdiyi müqəddəs məclislərdir. Bu məclislərə yad elementlərin soxulması milli musiqi zövqümüzü “dalana dirəyir”, gənc nəslin köklərdən uzaqlaşmasına zəmin yaradır.
Naxçıvan kimi həssas və strateji sərhəd bölgəsində milli kimliyə yad olan musiqi formalarının süni şəkildə qabardılması və təbliğ olunması təsadüfi saya bilməz. Mədəniyyət hər zaman bir millətin kimlik qalasıdır. Bu qalanın içdən zədələnməsi, yad ünsürlərin kütləvi şəkildə toylara yeridilməsi mədəni ekspansiya siyasətinin bir hissəsi kimi qiymətləndirilə bilər.
Naxçıvanın musiqi mədəniyyəti Üzeyir Hacıbəyovun, Məmməd Səid Ordubadinin və digər dahi şəxsiyyətlərin formalaşdırdığı uca dəyərlər üzərində dayanır. Bu torpağın sazı, balabanı, zurnası və qədim el havaları hər bir Naxçıvan sakininin qürur mənbəyidir.
Şərur düzündən Culfa dağlarına, Ordubadın bağlarından Naxçıvan şəhərinə qədər hər bir qarış torpağımızda türk ruhu hökm sürür. Toylarımız isə bu ruhun təntənəsi olmalıdır, yad və bayağı ritmlərin meydanı deyil.
Milli kimliyimizi qorumaq, gələcək nəsillərə təmiz və zəngin irs ötürmək üçün hər bir ziyalı, sənətçi və vətənpərvər bu cür yad təsirlərə qarşı ayıq-sayıq olmalı, Naxçıvanın əzəmətli türk musiqisini uca tutmalıdır. Unutmayaq ki, musiqisini itirən millət kimliyini də unutmaq təhlükəsi ilə üz-üzə qalır.


























