image-reklam-veteninfo
image-1backend

Medvedev Trampı hədələdi, Kreml dəstəklədi – “Tomoqavk” qarşıdurması böyüyür

image-reklam-veteninfo

Amerikanın “Tomaqavk” qanadlı raketlərinin Ukraynaya təhvil verilməsi Prezident Donald Trampın başçılıq etdiyi ABŞ üçün ciddi nəticələrə səbəb olacaq.

Bunu qeyri-adekvat şəxsiyyyəti və paylaşımları ilə tanınan Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bəyan edib.

“Bu raketlərin verilməsi hamı üçün pis başa çata bilər. Və hər şeydən əvvəl Trampın özü üçün”, – o xəbərdarlıq edib.

Medvedev eyham vurub ki, Rusiya cavab olaraq amerikalılara və birbaşa onların liderinə qarşı nüvə silahından istifadə edə bilər.

O qeyd edib ki, “Tomaqavk”-ın nüvə versiyasını uçuş zamanı adi versiyasından ayırmaq mümkün deyil” və bu cür raketlərin buraxılması, əgər baş verərsə, Ukrayna deyil, ABŞ tərəfindən həyata keçiriləcək. Ona görə də, Medvedevin dediyinə görə, Rusiya buna nüvə ilə cavab verə bilər.

Bununla yanaşı, Medvedev Trampı az qala qeyri-ciddilikdə və mənasız təhdidlərdə günahlandırıb. O, ümid etdiyini bildirib ki, “bu, nüvə sualtı qayıqlarının Rusiyaya yaxınlaşması kimi növbəti boş təhlükədir”.

Maraqlıdır ki, Kreml də Medvedevin təhdidini faktiki olaraq təsdiqləyib. Baxmayaraq ki, əvvəllər onun paylaşımlarına ciddi əhəmiyyət verilmədiyinə dair görüntü yaradılırdı. Bu dəfə Putinin mətbuat katibi Dmitri Peskov Medvedevlə razılaşıb.

O deyib ki, “belə mürəkkəb raketlərlə işləmək bu və ya digər şəkildə amerikalı mütəxəssislərin iştirakını tələb edəcək: “Bu, açıq-aşkar faktdır… İstənilən ekspert bunu mükəmməl başa düşür və bilir”.

Eyni zamanda, Peskov Rusiyanın mümkün reaksiyasını proqnozlaşdırmaqdan imtina edib. “Biz “Tomaqavk” haqqında o qədər danışdıq ki, nəsə əlavə etməyin mənasını görmürəm”.

Qeyd edək ki, Vladimir Putin əvvəllər bəyan etmişdi ki, Kiyevə Amerikanın uzaqmənzilli raketlərinin verilməsi Rusiya-ABŞ münasibətlərində “pozitiv tendensiyaların məhvinə” gətirib çıxaracaq və eyni zamanda, eskalasiyanın “keyfiyyətcə yeni” mərhələsini gətirəcək.

O qeyd edib ki, Ukrayna Silahlı Qüvvələri Amerika qoşunlarının birbaşa iştirakı olmadan “Tomaqavk”lardan istifadə edə bilməyəcək. Eyni zamanda, Putin bu raketləri vurmağa hazır olduqlarını bəyan edərək, Ukrayna ordusunda kadr çatışmazlığı yaşadığı üçün onların “döyüş meydanında qüvvələr balansını heç bir şəkildə dəyişməyəcəyini” vurğulayıb.

Lakin bütün bunlara baxmayaraq, ötən gün Tramp Putin sülh danışıqlarına başlamaqdan imtina edərsə, “Tomaqavk”-ları ukraynalılara verəcəyini bəyan edib.

Tramp öz təyyarəsində jurnalistlərə açıqlamasında deyib ki, uzun mənzilli “Tomaqavk” qanadlı raketlərinin Ukraynaya verilməsini Vladimir Putinlə müzakirə edə bilər: “Mən deyəcəm ki, “Bax, bu müharibə həll olunmasa, mən onlara (Ukrayna – red.) “Tomaqavk”lar göndərəcəm”. “Tomaqavk” inanılmaz silahdır, hücum silahıdır. Düzünü desəm, Rusiyaya bu lazım deyil”.

Bununla da Ağ Ev rəhbəri Putinin müharibəni dayandırmağa razı olacağına ümid etdiyini bildirib.

“Əks təqdirdə, “bu, onun(Putin) üçün pis bitəcək”, – deyə Tramp əlavə edib.

Belə görünür ki, Medvedev də məhz Trampın bu bəyanatına cavab olaraq, həmişəki kimi, nüvə təhdidinə əl atıb. Kreml isə faktiki olaraq bu təhdidi dəstəkləyib.

Bir müddət əvvəl Tramp Medvedev haqqında “boşboğaz” ifadəsi işlədərək, onu sözlərinə diqqət etməyə çağırmışdı. Göründüyü kimi, Medvedev bu xəbərdarlıqdan “nəticə çıxarmayıb”. Digər yandan, Kreml onun bəyanatını dəstəkləməklə Medvedevin bütün paylaşımlarının arxasında məhz Kremlin durduğunu təsdiqləmiş olub.

Beləliklə, cavab növbəsi ABŞ-dədir. Trampın xüsusilə də özünə qarşı təhdid və hədə-qorxulara çox həssas yanaşdığını nəzərə alsaq, bu cavabın gecikməyəcəyini proqnozlaşdırmaq olar. Əlbəttə, bu cavab sözdən daha çox, konkret əməllərdə özünü göstərsə, daha effektli olar. Çünki Kreml artıq dəfələrlə söz, haqq, ədalət, hüquq deyil, yalnız güc dilini başa düşdüyünü göstərib.“AzPolitika.info”


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki