Meksikanın Sinaloa ştatında yerləşən El-Kastilyo həbsxanasında baş verən iğtişaş nəticəsində azı 10 nəfər ölüb, 16 nəfər yaralanıb.
Vətəninfo.az xəbər verir ki, bu barədə İspaniyanın “El País” qəzeti oktyabrın 8-də məlumat yayıb.
Nəşrin məlumatına əsasən, ölənlər arasında həbsxanada saxlanılan yaxınlarını ziyarət etməyə gəlmiş bir nəfər də var.
Hüquq-mühafizə orqanlarının əməkdaşlarının müdaxiləsindən sonra müəssisəyə nəzarət bərpa olunub. Yaralılara ilkin tibbi yardım göstərilib, həmin gün üçün nəzərdə tutulan ziyarətlər isə ləğv edilib.
Hadisənin səbəblərini müəyyənləşdirmək məqsədilə dövlət prokurorluğu tərəfindən araşdırma başlanılıb.
“El País” qeyd edir ki, hadisə Sinaloa ştatında davam edən təhlükəsizlik böhranı fonunda baş verib. Bölgədəki vəziyyətə təsir göstərən əsas amillərdən biri cinayətkar qruplaşmalar arasında davam edən qarşıdurmalardır.


























