Meksika Milli Seçki İnstitutu iyunun 2-də keçirilən prezident seçkiləri üçün səslərin hesablanmasını başa çatdırıb.
Vətəninfo.az xəbər verir ki, qalib Klaudiya Şeynbaum seçicilərin 59,76%-nin dəstəyini qazanaraq ölkənin ilk qadın prezidenti olub. Ona 35 milyon 923 min 969 nəfər səs verib. Onun ən ciddi rəqibi, müxalifətçi Sochitl Qalves 27,45%, üçüncü yeri tutan Xorxe Alvares Maynes isə 10,32% səs toplayıb.
Səsvermədə 60 114 180 Meksika vətəndaşı iştirak edib. İştirak 61,04% təşkil edib.
İyunun 2-də keçirilən ümumi seçkilərdə meksikalılar da Konqresin yeni tərkibinə səs verib, 8 ştatın qubernatorları və Mexiko şəhərinin meri barədə qərar veriblər. Hökumətyönlü “Tarix yazmağa birlikdə davam edək” koalisiyası parlamentin hər iki palatasında çoxluğu təmin etməklə yanaşı, 6 ştatda keçirilən qubernator seçkilərində də qalib gəlib. Koalisiyanın namizədi Klara Bruqada Mexikoda mer seçkilərində qalib gəlib.
Meksikanın yeni prezidentinin andiçmə mərasimi seçkilərdən dörd ay sonra, oktyabrın 1-də baş tutacaq. Meksika Konqresinin yeni tərkibi bir ay əvvəl ilk iclasını keçirəcək.
Bu seçkilər zorakılığın yüksək səviyyəsi ilə seçildi. Onlarla siyasi namizəd və ərizəçi cinayətkar təşkilatlar tərəfindən öldürülüb.