Tbilisidə məktəblərdən birinə silahlı hücum planlaşdıran iki yeniyetmə saxlanılıb.
Vətəninfo.az xəbər verir ki, bu barədə Gürcüstan Baş Prokurorluğu məlumat yayıb.
İstintaqın ilkin nəticələrinə əsasən, yeniyetmələr 2026-cı ilin aprel-may aylarında sosial şəbəkələr vasitəsilə tanış olublar. Sonradan aralarında yaranan ünsiyyət zamanı məktəbə hücum təşkil etmək barədə razılığa gəliblər.
Məlumata görə, onlar Tbilisidə konkret bir məktəbi müəyyənləşdirərək ərazidə və təhsil müəssisəsinin binasında araşdırma aparıblar. Hücum zamanı məktəbə daxil olmaq, mühafizəçilərin və əməkdaşların diqqətini yayındırmaq, qarışıqlıq yaratmaq və daha sonra məktəbdəki şəxslərə atəş açmaq planlaşdırılıb.
Prokurorluğun məlumatına görə, saxlanılan şəxslərə Gürcüstan Cinayət Məcəlləsinin 18-225-ci maddəsinin 1-ci və 2-ci hissələri ilə ittiham irəli sürülüb.
Bu maddə üzrə təqsirli bilinən şəxsləri 6 ildən 9 ilədək həbs cəzası gözləyə bilər.
İstintaq davam etdirilir.


























